Azərbaycanda şirkət rəhbəri həbs edildi

Azərbaycanda şirkət rəhbəri həbs edildi

Hazırda oxunan: Azərbaycanda şirkət rəhbəri həbs edildi

577765

Xaçmaz Rayon Məhkəməsində xarici valyuta vəsaitlərini xaricdən qaytarmamada və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən İdris Nəsibzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Nərmin Abiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər və maddi-məsul vəzifələr tutma hüququndan məhrum edilməklə 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilib.
 

İttiham aktına görə, İdris Nəsibzadə rəhbəri olduğu MMC-lərdən birinin təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidmət mövqeyindən sui-istifadə edərək, özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 2019-cu illərdə xarici iqtisadi fəaliyyət həyata keçirib.


Belə ki, o, rəhbəri olduğu şirkətin adından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş 60 gömrük bəyannaməsi əsasında ümumi dəyəri 513 306,41 ABŞ dolları (həmin dövrün məzənnəsinə uyğun olaraq 872 620,90 manat) təşkil edən alma, armud, gavalı və digər kənd təsərrüfatı məhsullarını Rusiya Federasiyasında fəaliyyət göstərən bir sıra MMC-lərə və Ukrayna Respublikasında yaşayan fiziki şəxslərə konsiqnasiya qaydasında ixrac edib.

Qanuna əsasən, ixrac olunan malların dəyəri 180 gün müddətində müvəkkil bank hesabına qaytarılmalı olduğu halda, təqsirləndirilən şəxs həmin tələbi pozaraq 455 774,53 ABŞ dolları (yəni 774.816,70 manat) məbləğində külli miqdarda valyutanı banklardan birinin Xaçmaz filialındakı bank hesabına qaytarmayıb.
 

Bu hərəkətləri ilə İdris Nəsibzadə dövlətin valyuta əməliyyatlarının tənzimlənməsi, azad sahibkarlıq fəaliyyətinin təmin edilməsi sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurub, həmçinin öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edib.


Bununla da, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 208.2.1 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törədib.

Məhkəmə istintaqı zamanı İdris Nəsibzadə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində deyib ki, 2013-cü ildən MMC-ni təsis edərək direktor vəzifəsində çalışıb, kənd təsərrüfatı məhsullarının tədarükü və ixracı ilə məşğul olub.

2019-cu ildə Rusiya Federasiyası, Qazaxıstan və Ukraynada fəaliyyət göstərən müxtəlif MMC və fiziki şəxslərlə konsiqnasiya müqavilələri bağlayıb, məhsulların ixracını təmin edib.

Lakin malların faktiki sahibi onun tanımadığı — xaricdə yaşayan bir neçə şəxs olub.

Həmin şəxslər vasitəsilə malların göndərilməsini təşkil edib, hər avtomobil üçün təxminən 100 manat məbləğində haqq alıb.

Təqsirləndirilən şəxs etiraf edib ki, ixrac edilən malların bir qisminin dəyəri bank hesabına köçürülsə də, bəzi məhsullar tələf olub, bəziləri isə alıcılar tərəfindən qəbul edilməyib.

Nəticədə bütün valyuta vəsaitləri tam həcmdə geri qaytarılmayıb.

O, xarici valyutanın tam köçürülməməsinin texniki və kommersiya səbəblərindən irəli gəldiyini, bu vəsaitlərin özünə məxsus olmadığını, göstərilən şəxslərin göstərişlərinə əsasən hərəkət etdiyini bildirib, əməlindən peşman olduğunu ifadə edib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO