Gələn ildən bir sıra xəstəliklərin müayinə və müalicəsini icbari tibbi sığorta qarşılayacaq. Belə ki, şəkərli diabet və dağınıq skleroz xəstəliyindən əziyyət çəkənlərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdiriləcək. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, dağınıq skleroz və şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
Sözügedən xəstəliklərdən əziyyət çəkənləri isə düşündürən, onsuz da dövlət büdcəsi hesabına aparılan müayinə və müalicənin icbari tibbi sığorta ilə qarşılanmasının hansı dəyişikliklərə səbəb olacağı ilə bağlıdır.
Mövzu ilə bağlı tibb üzrə ekspert, professor Adil Qeybulla Bizim.Media ilə fikirlərini bölüşüb.
Onun sözlərinə görə, həmin xəstəliklərin müayinə və müalicəsi ilə bağlı mövcud olan dövlət proqramları ləğv edilməlidir:
“Şəkərli diabet xəstələri dövlət proqramı əsasında müalicə olunurlar. Bunlar üçün müəyyən təchizat, onların qeydiyyatı, əlillik dərəcəsinin təyin edilməsi və s. xüsusi dövlət proqramında nəzərdə tutulub. Əgər bu, icbari tibbi sığorta zərfinə salınırsa, deməli, dövlət proqramından çıxarılır. O cümlədən, vərəm, onkoloji xəstəliklər və digər xəstəliklərlə bağlı dövlət proqramları var.
Dövlət proqramları yavaş-yavaş ləğv olunmalıdır və icbari tibbi sığorta zərfinə transfer olunmalıdır. İcbari tibbi sığorta ona hesablanmalıdır ki, həmin proqramları tam ödəyə bilsin. Onların maliyyə büdcəsi və bütün nüanslar hesaba alınmalıdır”.
Günay Şahmar, Bizim.Media





























































































