Şəhər yollarında hərəkət edən mikroavtobuslar “ictimai nəqliyyat” sayılır, amma elə təsəvvür yaranır ki, daşıdıqları sərnişinlər bu dünyanın sakini deyil – onların narahatlığı, tıxacda qalıb işinə geçikməyi nəzərə alınmır. Rəsmən hər şey qaydasındadır: marşrutlar tariflər üzrə işləyir, sürücülər qeydiyyatdadır, amma Sprinter və Vito tipli nəqliyyat vasitələri nədənsə “ictimai” yox, “sifarişli” hesab olunur. Yəni şirkət işçiləri, məktəblilər və s. daşıyırsa, hər gün müxtəlif saatlarda işləməsinə baxmayaraq müntəzəm daşıma sayılmır.
Elə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) da bunu deyir.
MÖVZU İLƏ BAĞLI:
Avtobus və velosiped zolaqları tıxacları azaldır, yoxsa artırır? – AYNA-dan AÇIQLAMA
Qurumdan Bizim.Media-nın sorğusuna verilən cavaba görə, “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, müvafiq nişanlarla işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır:
“Ümumi istifadədə olan nəqliyyat vasitələri dedikdə sözügedən qanunun birinci maddəsində, əsas anlayışlar hissəsinə əsasən, sərnişin daşınması üçün nəzərdə tutulmuş, əvvəlcədən müəyyən olunmuş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsi nəzərdə tutulur.
Digər nəqliyyat vasitələrinin ora daxil olmasına icazə verilmir. Təşkil edilən xüsusi hərəkət zolaqları ilə yalnız müntəzəm marşrut avtobusları və operativ nəqliyyat vasitələri istifadə edə bilər.
“Yol hərəkəti haqqında” Qanuna əsasən, operativ nəqliyyat vasitələri dedikdə, yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan avtomobillər nəzərdə tutulur.
Xatırladaq ki, avtobus zolağına qaydalardan kənar daxil olan nəqliyyat vasitələrinə 100 manat məbləğində cərimə və 2 bal təyin olunur.
Şəfiqə Şəfa, Bizim.Media
































































































