Bu gün köç karvanı ilə Xocalı rayonunun Təzəbinə kəndinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.
Bizim.Media xəbər verir ki, 12 ailə olmaqla, 55 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Təzəbinə kəndinə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurda qayıdış münasibətilə təbrik edib və onların həmin kənddə rahat yaşamaları üçün bütün zəruri sosial infrastrukturun yenidən qurulduğunu, kommunal xidmətlərin tam təmin olunduğunu deyib.
Kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, onların ailələrinə səbir diləyiblər.
Bizim.Media