Xəbər verdiyimiz kimi, 21-22 oktyabr tarixlərində İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında ikitərəfli dəyirmi masa keçirilib.
Məlumata görə, görüşdə avqustun 8-də Vaşinqtonda əldə olunan nəticələrin əsasında formalaşan sülh gündəliyi və xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirləri müzakirə olunub. Tərəflər Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı yolları və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri ilə bağlı da fikir mübadiləsi aparıblar.
Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İsgəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva təmsil edib. Erməni tərəfindən isə müzakirələrdə Areq Koninyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda Ermənistan və Azərbaycan nümayəndələri arasında dəyirmi masa KEÇİRİLDİ - FOTO
Görüş iştirakçılarından biri - Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov İrəvandakı müzakirələrlə bağlı fikirlərini Bizim.Media ilə bölüşdü.
O, prosesin baş tutmasına hökumətlər səviyyəsində dəstək verildiyini bildirdi:
“Bu görüş vətəndaş cəmiyyəti nümayəndələri arasında keçirilən bir görüş idi. Həmin görüşə hökumətlər səviyyəsində də dəstək verilib. O mənada ki, hər iki hökumət təşkilatçılıq baxımından prosesin baş tutmasına səy göstərib. Son 25-30 il ərzində ilk dəfə idi ki, Azərbaycan Hava Yollarına məxsus təyyarə Ermənistan paytaxtına eniş etdi".
Politoloqun fikrincə, bu görüşün sırf ikitərəfli formatda baş verməsi mühüm addım idi:
“Burada isə hər hansısa bir üçüncü tərəf prosesin baş tutmasına nə təşkilatçılıq edib, nə təşəbbüs göstərib, nə də həmin məkanda iştirak edib. Vaşinqton görüşündə imzalanan birgə bəyanatdan sonra artıq elə bir mühit formalaşıb ki, hökumətlər qarşılıqlı addımlar atır. Müəyyən dərəcədə birgə fəaliyyət təmin olunur. Elə bir tarixi şərait formalaşıb ki, artıq vətəndaş cəmiyyəti, ekspertlər, media səviyyəsində də müəyyən dərəcədə müzakirələr və birgə fəaliyyətin təşkili aktual olub. Belə olan halda mövcud dövr qiymətləndirilərək, bu cür addım atıldı”.
Həmsöhbətimiz qeyd etdi ki, görüşdə geniş spektrli məsələlərə toxunublar:
“Müzakirələrdə iştirakçılar Ermənistan və Azərbaycan arasında sülh prosesinin perspektivləri, humanitar məsələlər, normallaşan münasibətlər şəraitində iqtisadi və logistik imkanlar, gələcək etimad quruculuğu tədbirləri də daxil olmaqla, hər iki cəmiyyəti maraqlandıran geniş spektrli məsələlərə toxunublar. Habelə qrup tərəfindən birgə fəaliyyət planlarının və perspektivlərinin işlənib hazırlanmasına xüsusi diqqət yetirilib. Tədbirin sonunda qrup qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və regionda davamlı sülhün əldə olunmasına yönəlik birgə təşəbbüsləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqlədi”.
Fərhad Məmmədov bu formatın davamlı olacağına ümid edir:
“Belə görüşlərin təşkili artıq normaya çevriləcək. Diplomatik, iqtisadi səviyyədə olduğu kimi, vətəndaş cəmiyyətinin dialoqu səviyyəsində də ikitərəfli format qorunub saxlanılacaq”.
Rüfət Sultan, Bizim.Media