Bəzi evlərdə hələ də “şopen” tipli su qızdırıcılarının birbaşa hamam otağında quraşdırıldığı müşahidə olunur.
Mütəxəssislərin sözlərinə görə, bu cür quraşdırma xüsusilə qış aylarında qaz sızması və zəhərlənmə riski yaradır.
Bəs hazırki vəziyyətdə mənzil və fərdi yaşayış yerlərində təhlükəsizlik necə qorunur?
Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, artıq ikinci ildir ki, yanvarın 1-dən noyabrın 1-dək abonentlərin mənzillərində və fərdi yaşayış evlərində texniki müayinələr həyata keçirilir:
“Bu texniki müayinələrin əsas məqsədi qaz təsərrüfatında texniki şərtlərin pozulub-pozulmamasını müəyyən etməkdir. Təmir zamanı qaz borularının yerinin dəyişdirilməsi, vanna otaqlarında qadağan olunmuş su qızdırıcılarının istifadəsi xüsusi diqqətlə yoxlanılır.
Əgər texniki şərtdən kənara çıxma halları aşkarlanarsa, bu barədə akt tərtib olunur və abonentə bir ay vaxt verilir. Əgər bu müddətdə qaydalara əməl olunmazsa, Nazirlər Kabinetinin qərarına əsasən həmin mənzilə qaz verilişi dayandırılır,” - qurumdan qeyd edilib.
“Azəriqaz” həmçinin bildirib ki, hamam otaqlarında su qızdırıcılarına nəzarət xüsusilə gücləndirilib və abonentlərdən təhlükəsizlik qaydalarına ciddi əməl etmələri xahiş olunur.
Aygün Hüseyn, Bizim.Media