Hazırda Bakı və Abşeron zonası Çin avtomobil şirkətlərinin təlim poliqonunu xatırladır.
Digər ölkələrdə də çin maşınları bazarı üstələyib, amma Bakı və ətraf qəsəbələrdə hər üç maşından ikisi Çin maşınıdır. Çin istehsalının keyfiyyətdə Avropa ölkələrindən geri qaldığını bilə-bilə yenə də insanlar könül rahatlığı ilə bu maşınlara üz tuturlar.
MÖVZU İLƏ BAĞLI:
Müasir dizaynları, zəngin texnoloji imkanları və münasib qiymətləri ilə alıcıların diqqətini çəkən bu avtomobillər bazarlarda öz yerlərini möhkəmləndiriblər. Amma yenə də bu maşınların zəif tərəflərini diqqətli avtomobilsevərlər bilməlidir.
Avtomobillər üzrə ekspert Seymur Nağıyevin Bizim.Media-ya verdiyi məlumata görə, bu zəif tərəflər əsasən mühərrik sistemi, sürrətlər qutusu və material keyfiyyəti ilə bağlıdır.
“Unutmaq olmaz ki, bu maşınlar CVT və ya robotlaşdırılmış sürətlər qutusuna malikdir.
Belə olanda bəzən ötürmələrdə gecikmələr, ilişmələr müşahidə olunur. Amma ən sıx rast gəlinən problem yanacaq sistemindədir. Xüsusilə aşağı keyfiyyətli yanacaq istifadə edəndə zəifliklər tez üzə çıxır. Yanacaq injektoru, porşen və klapanlar çox axtarılan və sifariş edilən detallardandır”.
Məlumat üçün bildirək ki, Rusiyada Geely avtomobillərinin mühərriklərində klapanların və porşenlərin yanmasına görə Geely Monjaro, Geely Cityray və Geely Boyue Pro 2025 buraxılış ili modellərinin böyük hissəsi geri çağırılıb.
Bənzər problem BYD-nin bəzi növlərində görülsə də hələlik diaqnostik təhlillər aparılır.
Şəfiqə Şəfa, Bizim.Media