“Bu gün Həccə, Kərbəlaya gedib gəlmiş şəxslər min oyundan çıxır, adları müğənnilərlə hallanır, dini də rüsvay edirlər”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.
O, ziyarətdən gəldikdən sonra hələ də pis vərdişlərə davam edən ancaq özünə “Kərbəlayi”, “Hacı”, “Məşədi” kimi ləqəbləri istifadə edənlərə münasibət bildirib.
“Həccə gedib gəlmiş insan özünü günahlardan, pis işlərdən qorumalı, cəmiyyətə nümunə olmalıdır. Əks halda, dinin də, etdiyi ibadətin də hörmətinə xələl gətirər. Amma elələri şübhəsiz ki, dünyada və axirətdə üzü qara olanlardır.
Hər halda adətə görə də olsa Kərbəla, Məşhəd kimi yerləri də ziyarət etmiş adamlar gərək özlərini elə aparsınlar ki, cəmiyyətə nümunə olsunlar. İmamı ziyarət etdiklərini oradan aldıqları diplom yaxud özlərinə "hacı, məşədi, kərbəlayi" dedirtməklə yox, gözəl əməlləri ilə sübut etsinlər.
Amma təəssüf ki, belə deyil. Profilinə İmam, Peyğəmbər adı yazıb, ziyarət şəkilləri qoyub məzhəbçilik, nifaq, əxlaqsızlıq yayırlar. Bunları hamısı İran rejiminin siyasiləşdirilmiş və təhrif olunmuş din modelinin ölkəmizə sirayət etməsinin acı nəticələridir. Çoxu ziyarətə ad üçün, özünü mömin göstərmək, özü haqda yaxşı adam obrazı yaratmaq istəyir. Əsl mömin ibadəti və ziyarəti, etdiyi xeyir işi reklam etməz. Əgər edirsə demək nəsə pis niyyəti var.
“Belə titullar İslama aid deyil”.
“İslamda "Hacı, “Kərbəlayı”, “Məşədi" titulu yoxdur. Əgər olsaydı, hamıdan əvvəl bu ad Peyğəmbərə, İmam Əliyə, Əhli Beytin üzvlərinə verilərdi. Çox sonralar dini istismar edən xurafatçı ruhani təbəqəsi bu adları imtiyaz, üstünlük, şöhrət əlaməti olaraq təsis etdilər”,-deyə Tural İrfan bildirib.
Tural İrfan açıqlamasında bəzi mübahisəli məqamlar barəsində də fikirlərini bildirib.
“İslamda yeganə vacib buyurulan Həcc ibadətidir ki, bu da ziyarət deyil. Ziyarət könüllü və seçimlə olan işdir. İbadət isə vacib əmr olunan, dinin hökmüdür. İmkanı, sağlığı yol verən müsəlmanın Həccə getməsi fərz, yəni vacibdir. Məkkə Quranda müqəddəs yox, əminamanlıq şəhəri adlandırılıb. Kərbəla, Mədinə və Məşhəd, Samirə kimi şəhərlərin də müqəddəs olması haqda heç bir dəlil yoxdur. İslamda ölüləri, qəbirləri, şəhərləri müqəddəsləşdirmək küfr sayılır.
Mütləq müqəddəs olan yalnız Allahdır. Nisbi müqəddəslər də Allahın bildirdiyi məkan və simalar ola bilər. Əşyanı, məkanı, şəxsiyyətləri ilahlaşdırmaq, müqəddəsləşdirmək qəbul olunmur”.
Nəzrin Mirzəyeva, Bizim.Media