Dini konfessiya rəhbərlərindən 20 Yanvar faciəsinin ildönümü münasibətilə BƏYANAT

Hazırda oxunan: Dini konfessiya rəhbərlərindən 20 Yanvar faciəsinin ildönümü münasibətilə BƏYANAT

55953

Azərbaycandakı dini konfessiya rəhbərləri 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bəyanat yayıb.

Qafqaz Müsəlmanları İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, bəyanatda deyilir:

"Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda canlarını fəda etmiş, Uca Yaradanın nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara xalqımızın ehtiramı əbədidir.

20 Yanvar xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzidir. Həmin günlərdə sovet ordusunun amansız hərbi təcavüzünə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi. 

20 Yanvar bizi müstəqilliyə, milli, dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi idi.

Qarabağ uğrunda mübarizənin - I Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidləri 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçılarıdırlar. Şəhidlərimizin müqəddəs ruhlarına ən böyük töhfə Qarabağ zəfərimiz, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir. 

1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan xalqı ərazi bütövlüyümüzə təhdidlərə 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu. Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu tarixi ədaləti bərpa edərək Azərbaycan xalqının ən ülvi arzusunu yerinə yetirdi — Qarabağı, Şuşanı azad edərək xalqımıza qaytardı. 

Azərbaycanın müstəqil dövlətçiliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız vardır. 20 yanvarda, Vətən müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda ölkədəki xristianlar, yəhudilər, digər millət və din mənsubları Azərbaycan xalqı ilə birgə mübarizə meydanında olmuşlar.
 

Azərbaycanın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi və dini konfessiyalar hər zaman birlikdə haqq işimizin qələbəsi üçün var qüvvəsi ilə səy göstərmişlər.


Çoxmillətli, çoxkonfessiyalı Azərbaycan cəmiyyəti Milli Qəhrəman Mübarizlərlə bərabər Aqarunovlar, Yakovlevlər, Polovinkolar, Senyuşkinlər, habelə Larisa, Yefimiçev, Meeroviç kimi rus, yəhudi, ukraynalı və digər millətləri təmsil edən qəhrəman Vətən övladları ilə fəxr edir. Şəhidlərimiz, qazilərimiz, qəhrəman övladlarımız bizim qürur mənbəyimizdir”.

Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri - Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi xristian dini icmasının sədri Robert Mobili imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO