Bakı şəhəri, Səbail rayonunun 20-ci sahə adlanan ərazisində yaşayan sakinlərin Bayıl stadionu tikiləndən sonra qara günləri başlayıb. Stadion tikildikdən sonra burada mövcud olan 9 ədəd 1 tonluq zibil konteynerlərinin yeri ləğv edilib və məhəllə üçün zibil qabları qoyulub. İndi zibil qabları aşıb daşır, antisanitariya baş alıb gedir. Əsas problemi isə ərazidə yerləşən “Elay” Şadlıq Sarayı yaradır. Toylardan sonra adı çəkilən şadlıq sarayının işçiləri zibil qutularına və ətrafa yemək qalıqlarını tökürlər. Bu isə əhalinin rahatlığını əməlli- başlı pozur. Yemək qalıqları günlərlə orada qalaraq iylənir və ətrafı üfunət bürüyür. İyə toplaşan it-pişiyin çoxluğu isə başqa bir problem yaradır.
Bu barədə Moderator.az-a orada yaşayan sakinlər məlumat veriblər və israrla əməkdaşımızı acınacaqlı mənzərərni görmək üçün əraziyə dəvət ediblər.
Moderator.az-ın əməkdaşı həmin ərazidə olaraq orada yaşayan sakinlər, MİS ”“in müdiri və şadlıq sarayının işçiləri ilə görüşüb.
Sakinlər əməkdaşımıza deyib ki, məsələ ilə bağlı aidiyyatı quqrumlara müraciət etsələr də problem bu günə kimi həllini tapmayıb. Əslində, əraziyə xidmət edən 149 saylı MİS öz işinin öhdəsindən vaxtlı-vaxtında gəlməsi, həyətə əlavə zibil qutusu yerləşdirməsi də vəziyyəti dəyişməyib. Məsələnin mahiyyəti tək irihəcmli zibil konteynerlərinin yaşayış yerindən uzaqlaşdırılmasında deyil, ərazidə fəaliyyət göstərən “ Elay” şadlıq sarayının fəaliyyətindən irəli gəlir.
“Şadlıq sarayının işçiləri hər gün zibilləri, xörək tullantılarını arabalarda, qablarda daşıyaraq yerə tökürlər. Çünki qablar ağır olduğu üçün qaldırıb zibil qutularına tökmək olmur. Bu gün isə sizi burada olduğunuzu bilib tullantıları qutunun içərisinə aşırmağa cəhd etdilər. Yerdə zibil şirələrinin izi qurumaq bilmir. Yeməyin üstünə sürü ilə it-pişik daraşır. Üfunət iyindən nəfəs almaq, qarışqa , milçək, həşərat əlindən həyətdə, evdə oturmaq olmur ”- deyə sakinlər bildirdi.
Şadlıq sarayının işçiləri iş başında yaxalandı
Hadisə yerində əməkdaşımızı görən işçilər tullantılarla dolu qabları yerə qoyaraq kənara çəkildilər. Kadra düşməmək üçün sifətlərini gizlətdilər və öz narazılıqlarını bildirdilər.
“ İradınız varsa sözünüzü şadlıq sarayının sahibinə deyin. Biz də ağır zibilləri uzaq məsafəyə daşımaqdan yorulur, bezirik. İşimizin asan olması üçün istərdik ki, iş yerinin qarşısında zibil qutusu olsun və maşın gəlib oradan aparsın. Bizə deyirlər zibili atın, biz də məcbur olub ora-bura atırıq ”
Sarayın sahibi yüksək vəzifə sahibidir
Sakinlər deyir ki, “Elay” Şadlıq Sarayının sahibi yüksək vəzifə sahibidir. Heç kim ona qarşı çıxa bilmir.
“O qədər pul qazanır, di gəl ki, zibil pulunu ödəməyə əli qalxmır. O adam o qədər özünə arxayındır ki, qanuna tabe olmur. Heç kimi saya salmır. Uşaqlarımız antisanitariya şəraitindən xəstəlik tapıb. Əlacımız Allaha qalıb...”
Mənzil İstismar Sahəsinin əməkdaşları deyilənləri təsdiq etdilər. Bildirildi ki, “Elay” Şadlıq Sarayının təmsilçisi ilə bir neçə dəfə danışıqlar aparıblar. Ona şadlıq evi üçün xüsusi zibil konteynerlərinin qoyulması və zibilin daşınması ilə bağlı müqavilə imzalamağı təklif ediblər. lakin danışıqlar nəticə verməyib.
Moderator.az Elayla bağlı kiçik bir araşdırma da aparıb. Araşdırma zamanı “Elay” Şadlıq Sarayının bərkgedən məmurlardan birinə məxsus olduğunu öyrənmək mümkün olub.
Mövzunu davam etdirəcəyik...







































































































