Keyfiyyətsiz dərmanlar Azərbaycana necə gətirilir? – ARAŞDIRMA

Hazırda oxunan: Keyfiyyətsiz dərmanlar Azərbaycana necə gətirilir? – ARAŞDIRMA

48188

Azərbaycanda dərmanların keyfiyyəti ilə bağlı durum aktual olaraq qalır. Son vaxtlar dərmanların keyfiyyətsizliyi ilə bağlı xəstələrlə yanaşı, həkimlərin də şikayətləri artıb. Dünyada tanınmış, yüksək effekti və müalicəvi olan dərmanlar bu gün Azərbaycanda tapılmır. Yaxud, eyni adda və brenddə olan dərman vasitəsinin tərkibi fərqli təsirə malik olur. 

Ekspertlər səbəbi dərman preparatının ucuz alınması üçün sifariş verən şirkətlərin özbaşınalığı və lazım olan dərmanın əvəzinə daha baha qiymətə əvəzedici dərmanların gətirilməsi ilə əlaqələndirirlər. 

Maraqlıdır, dəfələrlə bu məsələyə toxunulsa da,  yerli səhiyyə qurumları nə problemə nəzarət edir, nə də dərman bazarındakı özbaşınalığa son verir.
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB: “Xəstələrin yarısı dərmanlardan düzgün istifadə etmir”


Təhlillər göstərir ki, eyni xəstəlikdən müalicə alan xəstə xarici ölkədə çox az müddətə öz sağlamlığına qovuşa bilir, Azərbaycanda isə tam əksinədir. Bəzən bu, aylarla, hətta illərlə uzana bilir. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan farmokoloq Aydın Əliyevin fikrincə, keyfiyyətsizlik dünyadan gəlir:

“Demokratikdirlərsə, niyə keyfiyyətsiz dərman göndərirlər? Bizimki gətirib dərmanın içini dəyişə bilməz axı... Azərbaycanda dərman istehsalına başlamayana qədər sözügedən problem mövcud olacaq. Prezidentin də dərman sənayesi və istehsalı ilə bağlı sərəncamı var. Dərman zavodlarımız işləyəndən sonra cavadehlərdən keyfiyyətsizlik barədə hesab sormaq mümkün olacaq. Hələlik isə qlobal siyasi oyunbazların əlindəyik”. 

Farmokoloq dərmanların Azərbaycana idxalı məsələsinə xüsusi nəzarət olunmadığını da vurğulayıb.

O, yerli istehsalsızlıq səbəbindən hələlik Azərbaycanda xalq nəzarətinin də işlək olmadığına işarə edib: 

“Ümid edək ki, Qarabağın quruculuq işlərindən sonra Azərbaycanda dərman istehsalına start veriləcək. Yalnız o zaman problem az da olsa çözülə bilər. Təəssüf ki, pereparatları da geyimə bənzədiblər. Eyni paltar, müxtəlif qiymətlərdə necədirsə, dərmanları da  buna bənzəyir. Nə qədər ki, nəzarət sistemi qurulmayacaq, o qədər bu məsələ yerinə oturmayacaq və müxtəlif maxinasiyalar olacaq. Ayrı-ayrı şəxslərin vicdanına qalmışıq. Dərmanların keyfiyyəti yoxdursa, ya vaxtı ötüb, ya tarixini dəyişiblər, ya da keyfiyyətsiz alıb gətirirlər. Konfet, şokolad və yağlar kimi... Keçmişdə bir parça quru çörək, pendir və soğanla 100 il yaşayırdıq. İndi isə heç bir məhsulun keyfiyyəti qalmayıb”.
 

Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında Azərbaycana 9 912 ton əczaçılıq məhsulları idxal olunub.


5 ayda ölkəmizə gətirilən əczaçılıq məhsullarının dəyəri 199 740.20 min dollara bərabərdir. Azərbaycana ən çox dərman idxalı Türkiyə, Rusiya, Almaniya, Hindistan və Fransadan olub.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO