Pir Baba ziyarətgahı qanunsuz qazıntıdan sonra ÇAT VERİB – Kənd sakinlərindən MÜRACİƏT - FOTO

Hazırda oxunan: Pir Baba ziyarətgahı qanunsuz qazıntıdan sonra ÇAT VERİB – Kənd sakinlərindən MÜRACİƏT - FOTO

48144

Şəkinin Cumakənd kəndində yerləşən “Babaratma” (Pir Baba) ziyarətgahında qızıl axtarışı ilə bağlı qanunsuz qazıntı işlərinin aparıldığını xəbər vermişdik.

Görüntülərdə türbənin sahibinin qəbrinin yandan qazıldığı, daha sonra naməlum səbəbdən qazılan çalanın doldurulduğunu əks etdirən videogörüntünü də ictimailəşdirmişdik. 

Həmçinin qızıl axtarmaq niyyəti ilə Şəkidəki Pir Baba ziyarətgahında qazıntı aparan şəxsin, yəni orada abadlıq işləri ilə məşğul olan Namiq Şahmalıyevin tutulduğunu bildirmişdik. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidəki Pir Baba ziyarətgahında nə baş verir? – VİDEOFAKT


Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci ( Dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə ) maddəsi ilə cinayət işi başlanılıb. 

XVIII əsrə aid olan müqəddəs məqbərə və kənd sakinlərinin inanc yeri olan ziyarətgah qazıntıdan sonra çat verib. Hazırda ciddi zərər görən müqəddəs ocaq uçma təhlükəsi ilə üz-üzə qalıb. 

Bununla bağlı 47 nəfər kənd sakini müraciət hazırlayıblar. Sakinlərin iddiasına görə əslində türbəni və bir çox tarixi qəbrləri qızıl axtarmaq məqsədi ilə yararsız hala salanlar Cumakənd kənd ərazi nümayəndəsi Mustafa Əliyevlə ziyarətgahın nəzarətçisi Məmməd Süleymanovdur:

“Mustafa Əliyev və onun komandası türbənin alt bünövrə hissəsindən başlayaraq, bir neçə səmtə lağım ataraq qızıl axtarıblar. Türbə bir neçə yerdən zədə alıb. Hazırda sökülmə və uçmaq təhlükəsi ilə üzləşib. Xalqımızın inanc yeri olan “Babaratma” ziyarətgahını öz vəzifə səlahiyyətlərindən istifadə edərək yararsız hala salmış Mustafa Əliyevin çirkin əməllərinin araşdırılması üçün müvafiq tapşırığın verilməsini xahiş edirik”, - deyə kənd sakinlərinin hüquq mühafizə orqanlarına müraciətində qeyd olunur. 

Məsələ ilə bağlı növbəti dəfə Bizim.Media-ya açıqlama verən DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov dələduzluqla bağlı cinayət işinin yekunlaşdırılıb məhkəməyə göndəriləcəyini bildirib:

“Çat məsələsi ilə bağlı isə digər aidiyyatı qurum tərəfindən bizə müraciət olunmalıdı. Elə bir hal varsa, yerində akt tərtib olunmalı və materialları bizə göndərməlidirlər”.

Alçina Amilqızı, Bizim,Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO