Mobil operatorların sahibsiz nömrələri hansı təhlükələrdən xəbər verir? – BAKCELL-DƏN CAVAB

Hazırda oxunan: Mobil operatorların sahibsiz nömrələri hansı təhlükələrdən xəbər verir? – BAKCELL-DƏN CAVAB

43459

Bakcell mobil rabitə operatorunun bir sıra müştəriləri ciddi problemlə qarşılaşıblar. Belə ki, sosial şəbəkələrdə yayılan çoxsaylı şikayətlərlərdə şirkətdən alınan bəzi nömrələrin kimin adına olmasının müəyyənləşdirilməsində ciddi çətinliklərin ortaya çıxdığı bildirilir. Problemin sırf hansı ildə və ya hansı dilerlərdən alınan nömrələrdə meydana gəlməsi hələlik məlum olmasa da, şikayətçilərin bir çoxu 5-6 il öncə aldıqları nömrələrdə sözügedən vəziyyətlə qarşılaşdıqlarını bildirirlər.

Bu cür problemin doğurduğu nəticələr isə, daha təhlükəli bir nüansın meydana gəlməsinə səbəb olub. Belə ki, bəzi nömrələrin kimin adına qeydiyyatda olmasının müəyyənləşdirilə bilməməsi istifadədə olan nömrələrin başqa müştərilərə satılmasına da gətirib çıxarıb. Bu cür problemdən gileylənən sosial şəbəkə istifadəçilərindən biri 3 gün öncə aldığı nömrəyə dayanmadan zənglər gəldiyini və eyni anda həmin nömrə ilə istifadə olunan 2 “WhatsApp” tətbiqinin olmasından şikayətlənərək, Bakcell-i eyni nömrəni iki adama satmaqda ittiham edib.
 

MÖVZU İLƏ BAĞLI:

Sosial şəbəkədə ANONİM böhtançılar yaxalanacaq - CİNAYƏT İŞİ açıla bilər 


Digər bir şikayətçi isə, 5 il əvvəl aldığı nömrənin kimin adına olmasının müəyyənləşdirilə bilməməsindən gileylənib. Belə ki, sözügedən şəxs bu səbəbdən nömrəsinin başqa birinə də satıla biləcəyindən narahatlığını dilə gətirib.

Bakcell-in susqunluğu

Məsələ ilə bağlı ətraflı məlumat əldə etmək üçün Bakcell şirkəti ilə əlaqə saxladıq. Şirkətin rəsmisi Könül Cəfərli qeyd etdiyimiz problemin araşdırılması və şikayətlərin səbəblərinin müəyyənləşdirilməsi üçün “havada qalan” nömrələri təqdim etməyimizi istədi. Lakin şikayətçilərdən birinin nömrəsi 25 oktyabrda şirkətə təqdim olunsa da, Bakcelldən hələ də cavab almaq mümkün olmayıb. Görünür vətəndaşın 5 ildir istifadə etdiyi nömrənin kimin adına qeydiyyatda olduğunu öyrənmək müşkül məsələ imiş.

Problemin hüquqi aspektləri və doğura biləcəyi təhlükələrlə bağlı Bizim.Media-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə vəziyyətin nə qədər ciddi olduğunu dilə gətirib:

“Bu, əlbəttə, oğurluğa, saxtakarlığa, şantaja və digər cinayətlərə yol aça biləcək bir problemdir. Bir halda ki, nömrənin kimin adına qeydiyyatda olması bəlli deyil, bu pis əməl sahibləri üçün yaşıl işıq yandırmaq deməkdir. Təbii ki, bu yolverilməzdir. Sözügedən vəziyyət insanların hüquqlarının pozulması deməkdir. Bunu cinayətkarlığa səbəb ola biləcək amil kimi də qiymətləndirmək olar. Bakcell şirkəti bu problemə son qoymalıdır”.

“Problemlə bağlı hər hansı hüquqi tədbirlər görülə bilərmi?” – sualını isə Eyyub Hüseynov bu cür cavablandırıb:

“Yazılı şikayət olacağı təqdirdə, biz problemin qarşısını almaq üçün iş aparmağa hazırıq və bunun nəticəsində Bakcell sözügedən əməlindən çəkinər”.

Təhlükə düşündüyümüzdən də böyük imiş...

Nömrələrin kimin adına olmasının qeyri-müəyyənliyinin yarada biləcəyi təhlükələrlə bağlı kiber təhlükəsizlik üzrə mütəxəssislərin səsləndirdiyi fikirlər isə həyəcanvericidir. Belə ki, ekspertlərin fikrincə sözügedən problem başlıca olaraq iki əsas təhlükəli vəziyyətin meydana gəlməsi ilə nəticələnə bilər:

1. Nömrələrin kimin adına qeydiyyatdan keçdiyinin müəyyənləşdirilə bilməməsi, onlardan cinayətkarlıq məqsədləri üçün istifadə olunmasına gətirib çıxara bilər.

2. Nömrədən istifadə edərək cinayət əməli törədilikdə məsulliyətin kimin üzərində olmasının müəyyənləşdirilməsi çətinləşəcək. Belə ki, ilk növbədə bu vəziyyət hüquq-mühafizə orqanlarının təhqiqat işləri aparmasına maneə törədəcək.

Bunlardan əlavə, sahibsiz nömrələrdən daha təhlükəli məqsədlər üçün də istifadə olunması realdır. Xüsusilə də, ölkəmizə qarşı kənar təxribatların mümkünlüyünü nəzərə alsaq, xarici xüsusi xidmət orqanları tərəfindən bu nömrələrin təhlükəli əməllərə alət edilməsi variantını da istisna etmək olmaz.

Məsələni diqqətdə saxlayacağıq.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO