Bakıda QANDONDURUCU HADİSƏ – Burun əməliyyatından 3 gün sonra öldü

Hazırda oxunan: Bakıda QANDONDURUCU HADİSƏ – Burun əməliyyatından 3 gün sonra öldü

39839

Bakıda daha bir xəstə həkim səhlənkarlığının qurbanına çevrilib.

Bunu Bizim.Media-ya müraciət edən 34 yaşlı Əliyeva Günay Süleyman qızının bacısı Xanım İsmayılova deyib.

O, bildirib ki, yanvarın 18-də “Elmed” Tibb Mərkəzinin həkimi, otolarinqoloq (LOR) Natavan Əliyeva bacısını burun əməliyyatı edəndən sonra Günay Əliyeva 3 gün sonra vəfat edib. 

“Bacım 10 yaşlı oğlunu müayinəyə aparanda həkimə nəfəs ala bilmədiyini deyir. Natavan onu müayinə edir və bildirir ki, bacımın burnunda çəpər əyriliyi var və o, bu problemdən xilas olmaq üçün mütləq əməliyyat olmalıdır. Bundan sonra N.Əliyeva Günaya bildirir ki, çəpər əyliyi əməliyyatı sadə bir əməliyyatdır və tez bir zamanda bunu həyata keçirə bilər”.

Daha sonra Günayın qaynanası həkimdən xahiş edir ki, gəlinindən analiz götürsünlər. Yanvarın 18-də Natavan Əliyeva zəng vuraraq Günay Əliyevanı klinikaya çağırır və yarım saatın içində ondan adi analizlər götürülür. Ailə bunun müqabilində klinikaya 55 manat ödəyir. Xanım İsmayılova deyir ki, bacısını əməliyyat öncəsi heç normal müayinə də etməyiblər. Bundan sonra həkim, hər şeyin yaxşı olduğunu bildirərək Günayı əməliyyata salır. Əməliyyatdan sonra Günay palataya yerləşdirilir. Həkim həmin günü xəstəni evə yazacağını desə də, 2-3 saatdan sonra fikrindən dönüb və Günayı hər ehtimala qarşı klinikada saxlayacağını onun qaynanasına bildirir.

Ağzından, burnundan qan gəlirdi... 

Əməliyyatdan sonra palataya alınan Günay Əliyevanı görməyə gələn həyat yoldaşının bibisi onun ağzından və burnundan qan gəldiyini görüb. Bunu həkimə bildirdiyi zaman Natavan həkim bunun belə əməliyyatlarda normal hal olduğunu deyərək yaxınlarını evə yollayıb.

“Xəstəniz özünü artistliyə vurur”...

Xanım İsmayılova söhbətini davam edir:
 

“Səhər Natavan Əliyeva qaynanasına zəng edir ki, durma özünü çatdır Günayın vəziyyəti yaxşı deyil, təcili xəstəxanaya gəlin. Qaynanası xəstə olduğu üçün, mənimlə əlaqə saxladılar və biz böyük bacımla xəstəxanaya getdik.


Həmin vaxt Günayın vəziyyəti çox pis idi, təzyiqi 30-a düşmüşdü və durmadan qaytarırdı. Təsəvvür edin, Natavan həkim bizə yaxınlaşıb bildirdi ki, tez Günayı buradan çıxarın, yoxsa xəstənizi öldürəcəklər. Həmin vaxt bacımın başına klinikanın 4-5 həkimi yığılıb onun özünə gəlməsi üçün müdaxilələr edirdilər. Biz xəstəmizi oradan çıxarıb başqa yerə yerləşdirmək üçün digər klinikalarla əlaqə saxlayırdıq. Bu vaxt həkimlərdən biri mənə yaxınlaşıb həyasızcasına bildirdi ki, niyə panika yaradırsız, sizin xəstənin vəziyyəti normaldır, sadəcə özünü artistliyə vurur. Daha sonra bizə müəyyən dərmanlar aldırdılar. Xəstəxanın heç reanimasiya şöbəsi belə yox idi”.

“Qanı qoltuq altınızda isidin”...

Daha sonra xəstəxanadan bildiriblər ki, Günaya təcili qan vurulmalıdır. Bu səbəbdən Qan Bankından Günay Əliyeva üçün qan gətirirlər. Hadisənin isə ən ilginc tərəfi klinikada gətirilən qanın xəstəyə vurmadan əvvəl normal temperatura salına bilməməsi olub. Belə ki, soyuducudan çıxarılan qanı həkim xəstənin bacısına verərək bildirib ki, qanı qoltuq altınıza qoyun ki, isinsin. Xəstə yaxınları bu təklifə təəccüblənsələr də həkimin dediyini ediblər.
 

“Yanvar ayında biz o qanı necə tam isidə bilərik ki? Nəzərə alsaq ki, gecə də Günayın qanaxması olub, böyük ehtimalla ona əvvəl də qan vurulub. Yarım saatdan sonra soyuq qan Günaya köçürüldü. Bacımın vəziyyəti tamam pisləşdi.


Həmin gün Natavan Əliyeva 29 dəqiqə ərzində bacıma "COVİD-19" testi etdirərək Günayın koronavirusa yoluxduğunu söylədi. Məqsəd də məsuliyyəti öz üzərindən atmaq idi. Maraqlıdır, əgər bacım koronavirusa yoluxubsa, Natavan Əliyeva heç analiz götürmədən onu necə əməliyyat edib? Bunu ona deyəndə bizə bildirdi ki, “kimdir indi əməliyyatdan əvvəl koronavirus analizi götürən?” Daha sonra Natavan Əliyeva əlbir olduğu Bayram Qorçiyevlə danışıb razılaşaraq Günayı "Baku City Hospital"a köçürməyimizi təklif etdi. Natavan öz səhvini ört-basdır etmək üçün “tanış”ının köməyi ilə xəstəmizi ora köçürdü”.

“Anamızı xilas edin”...    

Xanım İsmayılova bildirir ki, həmin vaxt analarını görməyə gələn bacısı uşaqları onu bu vəziyyətdə görəndə həkimə analarını xilas etməyi yalvarırdılar.
 

“Bu mənzərə mənim gözümün qarşısından heç vaxt getməyəcək. Uşaqları tez oradan uzaqlaşdırdıq. Günayı təcili yardıma mindirib,“Baku City Hospital”a köçürdülər”, - deyə, X.İsmayılova bildirib.


“Öz paltarlarını geyindirin, düşünsünlər ki, evdə vəziyyəti pisləşib”...

Günay Əliyevanı digər klinikaya köçürəndə Natavan Əliyeva ailəsinə təkid edir ki, Günayın əynini dəyişib öz paltarlarını geyindirsinlər. O, bununla xəstənin evdə vəziyyətinin pisləşdiyini, daha sonra “Baku City Hospital”a yerləşdirilməsi təəssüratı yaratmaq istəyib. Lakin klinikadan gələn təcili yardım həkimi buna razı olmayıb.

Daha sonra Günay Əliyeva “Baku City Hospitala” gətirilir, X. İsmayılova klinikanın həkimi Toğrul Adıgözəlovdan bacısının ağ ciyərlərini Natavan Əliyevanın qoyduğu koronavirus diaqnozuna görə kompyuter tomoqrafiyası etməyi tələb edir. Lakin həkim ona bildirir ki, bacısının ağ ciyərlərində heç bir problem yoxdur, tənəffüsü də çox normaldır.

“Mən acam, mənə yemək verin”...

X.İsmayılova bildirir ki, hospitala yerləşdirildikdə bacısı ona ac olduğunu bildirir və yemək istəyir. Həkim ona ancaq şirniyyat alıb gətirə bildiyini deyir. Bundan sonra X.İsmayılova bacısına şirniyyat və həkimin dediyi dərmanları alıb gətirir və Günayın yanında qalmaq istədiyini deyir. Lakin ona Günayın yanında qalmasına icazə verilmir və o, evə qayıdır. Bütün gecəni narahatlıqda qalan ailə gecəboyu Günayla danışırlar. 
 

“Bütün gecəni bir neçə dəfə Günayla əlaqə saxladıq, vəziyyəti normal idi. Günay bizə dedi ki, məndən nigaran qalmayın, vəziyyətim yaxşıdır. Son dəfə səhər saat 7-də danışdıq. Həkim bildirdi ki, xəstə evə buraxılacaq.


Səhər klinikaya gəldik, bizi xəstəmizin yanına buraxmadılar, ondan heç bir xəbər ala bilmədik. Telefon zənglərimizə heç kim cavab vermədi. Sonradan klinikanın təsisçisi və baş həkimi Bayram Qorçuyev qəbul edir və bizə bildirir ki, xəstəmizin vəziyyəti ağırdır, böyrəklər və qara ciyər funksiyasını itirib. O, bizə “Pulunuz varsa gətirin verin, xəstənizi xilas edək. Burada 20-30 mindən yox, 300.000 manatdan söhbət gedir. Xəstənizə böyrək implantasiyası lazımdır”, - deyə bildirdi.

Bu vaxt mən ona dedim ki, axı gecə bacım yaxşı idi, birdən-birə nə oldu? Qorçuyev mənə çox kobud şəkildə “Onu get, bacını əməliyyat edən həkimdən soruş, mən hardan bilim? Məndən nə istəyirsiz?”,- deyə cavab verdi.

Daha sonra Toğrul Adıgözəlov mənə bildirdi ki, sabah xəstə dializə girəcək, ondan sonra xəstənin yaşayıb-yaşamayacağı bəlli olacaq. Daha sonra Natavan Əliyeva klinikaya gələrək Günayın yanına qalxdı. Sonra o, bizə “Niyə panika yaratmısız, Günayın vəziyyəti normaldır. Burada sizə xəstənizin vəziyyətinin ağır olduğunu bildirirlər ki, sizdən çox pul qoparsınlar” dedi”.

“Üzərimə yağış yağır”...

X. İsmayılova deyir ki, həmin an bizə Günayı göstərmirdilər. Bir müddətdən sonra Günay Əliyevanı kompyuter tomaqrafiyasına salmaq üçün aşağı gətirirlər.
 

“Günayı liftnən aşağı düşürəndə o, özündə deyildi. Ayaqları göyərmişdi. Ancaq deyirdi ki, “üzərimə yağış yağır”. Onu səslədik, ancaq elə hey deyirdi ki, “üzərimə yağış yağır”.


KT-dən sonra bizə dedilər ki, xəstə koronavirusdu, TƏBİB-dən təcili yardım çağırın. Biz təcili Yeni Klinakaya müraciət etdik və xəstə ora yerləşdirildi. Lakin bizə orada olan həkimlər bildirdilər ki, bu xəstədə COVİD-19-un əlamətləri yoxdur. Xəstənizin vəziyyəti çox ağırdır. Səhər saat 8-də isə klinikadan zəng vuraraq dedilər ki, Günay dünyasını dəyişib. Mən bacımın ölümündə Natavan Əliyevanı və “Baku City Hospital”da Bayram Qorçuyevi, Toğrul Adıgözəlovu günahlandırıram. Onlar mənim bacımı öldürdülər. Bacımın ölüm kağızında böyrək çatışmazlığı yazılıb, onda koronavirus yox idi”.

Davam edən məhkəmə prosesi...

Hazırda ailə “Elmed” və “Baku City Hospital” klinikalarını “Mərhumun övladlarına dəymiş mənəvi ziyanı təzminatla qarşılamaq və özünü həkim-lor kimi təqdim edən Natavan Əliyeva barəsində müvafiq araşdırmanın aparılması və əsasları olduğu təqdirdə barəsində cinayət işinin başlanılması üçün  xüsusi qərarın çıxarılması (AR MPM-nin 149 ve 150-ci maddələri)” üzrə məhkəməyə müraciət edib.

Prosesə Binəqədi Rayon Məhkəməsində baxılır. Sentyabrın 29-da keçirilən məhkəmi işi təxirə salınıb. Növbəti məhkəmə prosesinin tarixi müəyyən deyil.

Məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mövzu davam edəcək...

Vüsalə Balayeva, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO