6 ayda 8168 BOŞANMA - Ailələr il tamam olmamış niyə DAĞILIR?

Hazırda oxunan: 6 ayda 8168 BOŞANMA - Ailələr il tamam olmamış niyə DAĞILIR?

35526

Bu ilin ilk 6 ay ərzində Azərbaycanda 8168 nəfər boşanıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında yer alıb. Belə ki, 2021-ci ilin 6 ayı ərzində 23 231 nəfər nikaha daxil olub. Onlardan 8168-i boşanıb.

Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,6-dan 4,7-yə, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda boşanmaların sayı açıqlandı


Ailə institutu təhlükə altındadır. Rəsmi araşdırmalara və təhlillərə görə ölkəmizdə nikahın pozulması xasiyyətlərin tutmaması, sonsuzluq, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluğa, narkomaniyaya aludəçilik, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənar müdaxilələr səbəbindən baş verir. Mütəxəssislər isə dəyərlər sisteminin pozulmasını əsas gətirirlər.

Niyə boşanırıq?

Bizim.Media-ya danışan psixoloq Tariyel Faziloğlu qeyd edir ki, psixoloji cəhətdən nikaha daxil olmaq istəyən gənclər evliliyə hazır deyillər:

“Hazır olmadıqları üçün də qısa müddətdə və ilk sıxıntıda boşanma prosesi baş verir. Qadın-kişi münasibətinin ardıcıllığı 5 prosesdən ibarətdir. Birinci proses ilkin emossional, yəni seksual cəzbetmədir.Bir-birlərinə qarşı müəyyən qədər hissiyat, duyğu və bağlılıq yaranır. Normal münasibətlərdə ikinci mərhələ, yəni güvən məsələsi tam formalaşdıqdan sonra bu adamlar nikaha girməlidir. İndiki vəziyyətdə güvən körpüsü yaranmadan həmən evliliyə can atırlar. Bundan bir müddət sonra onların arasında isti münasibət ardıcıl və mütəmadi davam edir. Qısa bir dönəmdən sonra isə seksual doyumluq yaranır. Seksual doyumluq yarandıqdan sonra iki tərəfdən biri münasibətdən qaçmağa başlayır.
 

Ortada güvən körpüsü olmadığı zamanda da qarşılıqlı şübhələr, qısqanclıqlar və ittihamlar başlayır. Başqa-başqa səbəblər də ortaya qoyularaq, əslində isə qurtulmaq istəyi olduğu üçün məsələni məhkəməyə daşıyır və boşanırlar”.


Psixoloqun sözlərinə görə boşanma prosesində minlərlə bəhanələr gətirmək mümkündür:

“Amma kökündə yatan əsas səbəb şuuraltındakıdır. Evlilik öncəsi tərəflər bir-birlərinə tam olaraq güvən formalaşmadan, gözləntilərini, istəklərini və arzularını çox da araşdırmadan evlənirlər. Sonra məlum olur ki, qadınla kişinin bir-birlərindən olan gözləntiləri heç də üst-üstə düşmürmüş. O zaman ən doğru seçim kimi boşanma görünür və həmən ayrılmağa baş vururlar”. 

Tariyel Faziloğlu bildirib ki, əvvəllər Azərbaycanda cütlüklər 3 il ərzində boşanırdılarsa, bu günkü evliliklər il tamam olmamış ayrılırlar:
 

“Bu da dediyimiz seksual doyumluluq, gözləntilərin üst-üstə düşməməsi və gənclərin evlilik məsuliyyətini öz üzərlərinə götürməməklərindən qaynaqlanır. Bir-birlərinə olan aqressiyanın sürətlə inkişafı isə boşanmaya səbəb olur.


Bu baxımdan evlilikdən öncə cütlüklərin psixoloji durumları yoxlanılmalıdır. Çünki artıq klassik evlilik dönəmi bitib. İstər-istəməz buna ayaq uydurmaq məcburiyyətindəyik. Evlilik öncəsi cütlüklərin necə ki, qan analizləri yoxlanılır, eləcə də ailə psixoterapiyası görmələri, ən azından evliliyə hazır olmaları barədə rəy almaları mütləqdir və şərt olaraq qoyulmalıdır. Fikrimcə, bu böyük ölçüdə ailədaxili münaqişələrin, zorakılıqların və cinayətlərin qarşısını alacaq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO