Bu
gecə Daşkəsən rayonuna 30 santimetr qalınlığında qar yağıb. Publika.Az-ın
məlumatına görə, qar yağması nəticəsində rayonun Qabaqtəpə, Təzəkənd, Astaf,
Çıraqlı, Güneykənd, Pirverdilər, Xoşbulaq, Zağalı, Zaraqallar və digər dağ
ətəyi kəndlərinin şəhər mərkəzinə aparan yolları yararsız vəziyyətə düşüb.
Bundan əlavə, ötən gecədən başlayan güclü tufan, dolu yağış və qar nəticəsində
rayonda olan ağacları qırılaraq elektrik naqilləri üzərinə aşıb.
Bunun nəticəsində isə rayonda olan xeyli sayda
elektrik dirəkləri sıradan çıxıb.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd
Abıyev Publika.Az-a açıqlamasında deyib ki, hazırda problemlər aradan
qaldırılır. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində rayona bir sıra
ziyan dəyib: “Hazırda əlaqə kəsilmiş yerlərdə elektrik bərpa edilir, yollar
təmizlənir. Bunun üçün gücləndirilmiş iş rejimində çalışırıq. Allahın köməyi
ilə ən yaxın vaxtlarda problemlər aradan qaldırılacaq. Onu da qeyd edim ki,
ilin bu vaxtında Daşkəsəndə qar və dolu yağışın yağması tarixi hadisədir. Çünki
indiyədək bu vaxtda rayonda belə hadisə olmayıb. Bilirsiniz ki, Daşkəsənin
iqlimi sərt soyuq keçir. Burada qış çox soyuq olur. Əbəs yerə demirlər ki,
Daşkəsən Azərbaycanın Uralıdır. Ancaq bütün bu kimi problemlərə baxmayaraq
bütün daşkəsənlilər bu həftə keçiriləcək prezident seçkilərinə hazırlaşır.
Bunun üçün də yaranmış hər hansı problemlərin tez zamanda aradan qaldırılması
istiqamətində işlər görülür. İcra başçısı olaraq da mən üzərimə düşən bütün
işləri görəcəm ki, qarşıdan gələn seçkilərdə Daşkəsən sakinlərinin seçkilərdə
iştirakı asan olsun. Təbii fəlakət nəticəsində sıradan çıxmış yolların tezliklə
bərpasına çalışırıq və əminəm ki, ən yaxın zamanda bu həll olunacaq və
seçicilərin seçkilərdə iştirakı asan olacaq”.































































































