Məktəb avtobusları pilot layihəsinin başlanmasından bir gün keçməmiş artıq narazılıqlar başlandı. Kimisi qiymətindən, kimisə avtobusların xüsusi zolaqlara buraxılmadan hərəkət etməsindən gileyləndi.
Haqlı sual yaranır: tıxacda qalaraq uşaqların gecikməsinə səbəb olan bu avtobusların əhəmiyyəti nədir?
Təhsil eksperti Elşən Qafarov Bizim.Media-ya bildirdi ki, məktəb avtobusları bir biznes layihəsidir. Ona görə də layihənin bu qədər qabardılması doğru deyil:
“Bu kiçik layihənin belə təmtəraqla təqdim edilməsi əslində təhsil sahəsində baş verən ciddi problemlərdən cəmiyyətin və medianın diqqətini yayındırmaq məqsədi daşıyır. Zaman-zaman bu kimi şou xarakterli layihələr edilir. Burda qeyri-adi bir şey yoxdur. Eləcə də bu məktəb avtobusu layihəsi də onlardan biridir.
Halbuki neçə məktəbimiz bağlanıb və yüzlərlə şagird yeni məktəbə çəlb olunmayıb. Əslində məktəb avtobusları ilə bağlı fikir bir il öncə ortaya atılmışdı və bunu məhz bağlanan məktəblər üçün edəcəkdilər ki, şagirdləri rahat daşımaq mümkün olsun”.
Ekspert vurğuladı ki, Bakı şəhəri üzrə 1200 şagirdi əhatə edən bu nəqliyyat xidməti kim tərəfindən – dövlət yoxsa özəl şirkətlər tərəfindən həyata keçirildiyi araşdırılmalıdır. Xidməti hansı şirkətlər təşkil edirsə, bununla bağlı açıqlama verilməlidir:
“Valideyn indiyədək bir şagirdə təxminən aylıq nəqliyyat xidməti üçün 60-100 manat civarında pul xərcləyirdi. Xüsusən də bir qədər uzaq olan Bakıətrafı kəndlərdən gələn məktəblilər üçün. Amma yeni məktəb avtobuslarında qiymətlərin 200-240 manat hesablanması 2-3 qat baha deməkdir” - deyə o, qeyd etdi.
Bu tip avtobusların zolağa daxil olmamasının səbəbini ekspert məsələnin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə razılaşdırılmaması ilə izah edir. Yəni məktəb avtobusları adi bir minik növü rolunu oynayır, ictimai xidmət olsaydı avtobus zolağına girərdi.
Layihə baş tutmayacaq
Ekspert əmindir ki, bu pilot layihə baş tutmayacaq:
“Çünki valideynlərin artıq illərlə oturuşmuş bir sistemi var. Onların əksəriyyəti öz ovladlarının məktəbə aparıb-gətirilməsi üçün nəqliyyat vasitələri tutublar. İkincisi isə hazırda xidmət üçün təklif olunan qiymət çox bahadır. Bundan başqa bu, biznes mahiyyətli olduğu üçün rəsmi xarakter daşımır”.
Qeyd edək ki, dünyada bir çox ölkələrdə məktəb avtobusları təhsil sisteminin ayrılmaz hissəsi hesab olunur və onların tətbiqi ölkədən-ölkəyə fərqlənir.
ABŞ-də hər gün təxminən 480 min sarı məktəb avtobusu 26 milyon şagirdi məktəbə daşıyır.
Finlandiyada bələdiyyələr 5 kilometrdən uzaqda yaşayan şagirdlər üçün məktəb avtobusları və ya taksi xidməti təşkil edirlər.
Birləşmiş Ərəb Əmirliklərində və Türkiyədə məktəb avtobusları əsasən özəl məktəblər tərəfindən təmin edilir.
Honq Konqda kiçik yaşlı şagirdlər “nanny van” adlanan kiçik minik avtobusları ilə məktəbə aparılır. Bu nəqliyyat vasitələri əvvəllər məktəblər tərəfindən təşkil edilirdisə, indi hökumət tərəfindən tənzimlənir və sabit marşrutlarla fəaliyyət göstərir.
Şəfiqə Şəfa, Bizim.Media