Vərəm yoluxucu infeksion xəstəlik olub, əsasən ağciyərlərin zədələnməsinə səbəb olur. Dünyada, həmçinin, ölkəmizdə aparılan mübarizə nəticəsində xəstəlikdən ölənlərin sayı azalıb.
Bu həftə Milli Məclisdə vərəmlə mübarizəyə dair ictimai dinləmənin keçiriləcəyi bildirilib. Qeyd edilib ki, payız sessiyası müddətində “Azərbaycanda vərəmlə mübarizə: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusuna dair ictimai dinləmə təşkil olunacaq.
MÖVZU İLƏ BAĞLI:
Vərəm xəstələrinin müalicəsi ilə bağlı YENİLİK
Qeyd edək ki, ötən il ölkədə 219 nəfər vərəm xəstəliyindən dünyasını dəyişib, 1103 yoluxma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə vərəmə yoluxanlardan 725-i kişi, 378-i qadın olub. Ölənlərdən isə 175-i kişi, 44-ü qadındır.
Azərbaycanda əvvəlki illərlə münasibətdə vərəmlə mübarizədə nə dəyişib? Xəstəlik necə aşkarlanır və onunla mübarizə necə aparılır?
Bizim.Media bu suaalra cavab tapmaq üçün terapevt Rasif Bağırovun fikirlərini öyrənib.
Həkimin sözlərinə görə, vərəmlə mübarizədə sovet dövrünün mübarizə üsulundan da istifadə olunur:
“Vərəm xəstəliyi ilə mübarizə hələ sovet dövründən ayrıca bir təhlükəli, cəmiyyət üçün çox qorxulu infeksiya kimi aparılırdı. Həmin dövrdə aparılan mübarizə üsulundan bu gün də istifadə olunur. Uşaq vaxtı vərəmə tutulmamaq üçün uşaqlar peyvənd olunurlar. Peyvəndlərin 9-10 il orqanizmi qoruma müddəti var. Ondan sonra insanların orqanizmi həmin yoluxmaya qarşı açıq olur.
İmmun sistemində zəiflik baş verən kimi vərəm xəstəliyi inkişaf edir. Çox vaxt islah əmək düşərgələrində, həbsxanalarda olan insanlarda vərəm xəstəliyi daha çox yayılır. Buna da onların qaldığı şəraitə uyğun olaraq orqanizmin immun sisteminin kəskin şəkildə aşağı düşməsi səbəb olur”.
O bildirib ki, vərəmə bütün dünyada sosial xəstəlik deyirlər:
“Yəni o ölkədəki sosial vəziyyət yaxşıdır, orda vərəm xəstəliyinə yoluxanlar az olur. Sosial vəziyyəti pis olan ölkələrdə , yəni insanların qidalanması, əmək və istirahət şəraiti, insanların yaşayışı üçün lazım olan şərait yaxşı olmadıqda vərəm xəstəliyi inkişaf edir. Çünki vərəm çöpləri həm xəstə, həm də sağlam orqanizmdə olur, lakin kimin orqanizminin müqavimət qabiliyyəti zəif olurs, həmin şəxslərdə fəaliyyətsiz olan vərəm çöpləri fəaliyyət göstərməyə başlayırlar.
Həkim xəstədə vərəm xəstəliyinin olması barədə şübhələnəndə o zaman xəstədən analizlər, bəlğəm, tüpürcək və digər bütün analizlər götürülür. Müayinələr zamanı vərəm aşkar olunur. Bizdə vərəm dispanserləri var, həmən dispanserlərdə insanlar qeydiyyata alınır. Bütün səhiyyə təşkilatlarında həkimlər vərəm xəstələrini təcrid eləmək istiqamətində müəyyən işlər aparırlar ki, xəstəlik cəmiyyətdə yayılmasın.
Beləliklə, xəstəlik ən azı 3 ay olmaqla növündən, ağırlığından asılı olaraq 8 aya qədər müalicə alırlar. Xəstəlik sağalana qədər onlar nəzarətdə olurlar, müəyyən dövrlərdə aktivliyin olub-olmaması yoxlanılır.
Çünki vərəm çöpləri bədəndən heç vaxt təmizlənmir.
Vərəm ocaqları müalicə nəticəsində bağlanır, bağlandıqda ağciyərdə olan həmin ocağın düz mərkəzində örtülü şəkildə vərəm çöpü qalmış olur. Gələcəkdə xəstə yenidən çətin sosial şəraitə düşərsə, vərəm çöplərinin yenidən inkişaf etməsi və şəxsi xəstəliyə düçar etməsinə səbəb olur”.
Günay Şahmar, Bizim.Media