Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qusar Rayon Təşkilatında “Zəfərimizin sülhə aparan yolu” silsiləsindən “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib.
Qusar Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Qusar RİH və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda ilk öncə Ümummilli Lider Heydər Əliyev və respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi şanlı zəfərə diqqət çəkib.
Konfransda çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov da Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə diqqət çəkib.
İcra başçısı son bir ildə rayonda görülən mühüm quruculuq, təmir-bərpa işləri ilə bağlı da konfrans iştirakçılarına ətraflı məlumat verib, habelə, həyata keçiriləcək layihələrdən danışıb.
Konfransın sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qusar Rayon Təşkilatının sədri Cavanşir Nurməmmədov Təşkilat və eləcə də Qusar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilib və öz istəyi ilə sədr vəzifəsindən azad edilib.
Qusar Rayon Ləzgi Dram teatrının direktoru Faiq Qardaşov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qusar Rayon Təşkilatına sədr seçilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.