Respublikanın müxtəlif bölgələrində son günlər baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sükan arxasında məsuliyyətsiz davranış və yol hərəkəti qaydalarının pozulması təkcə sürücünün deyil, onunla birgə hərəkətdə olan ailə üzvlərinin, uşaqların və yaxınlarının həyatına ciddi təhlükə yaradır.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yollarda qayda pozuntuları barədə sürücülərə müraciətində deyilir:
"Təəssüf ki, yollarda törədilən qayda pozuntuları çox zaman geri dönüşü mümkün olmayan faciələrlə yekunlaşır. Xüsusilə vurğulamaq lazımdır ki, qəzaların ən ağır və acı tərəfi qaydaları pozan sürücülərin deyil, çox vaxt onların günahsız sərnişinlərinin – körpə uşaqların, valideynlərin və yaxınların həyatlarını itirməsidir. Bu isə yol hərəkətində hər bir kəsin məsuliyyətinin nə qədər böyük olduğunu bir daha göstərir.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına müraciət edərək bir daha xatırladır:
-sürət həddini aşmaq, qəfil və düşünülməmiş manevrlər yol-nəqliyyat hadisələrinin əsas səbəblərindəndir;
-yolayrıclarında diqqətli olmaq, digər nəqliyyat vasitələri və piyadalarla qarşılıqlı ehtiyatlı davranmaq təhlükəsizliyin təmin edilməsinin başlıca şərtidir;
-təhlükəsizlik kəmərindən istifadə etməmək isə qəza zamanı insan həyatını birbaşa təhlükə altında qoyur.
Unutmayın, qaydalar sizi və sevdiklərinizi qorumaq üçündür".
Bizim.Media