"Düşünürdüm ki, azərbaycanlı müəllimlər niyə özlərini digər ölkələrdə sınamasınlar"

Hazırda oxunan: "Düşünürdüm ki, azərbaycanlı müəllimlər niyə özlərini digər ölkələrdə sınamasınlar"

252050
Sevindirici haldır ki, bu gün gənclərimiz dünyanın aparıcı universitetlərində təhsil almaqla yanaşı, həm də müxtəlif sahələrdə çalışırlar. Bütün bunlar bir daha onu göstərir ki, gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradılıb.xa0

Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməyə çalışır, yaradılmış şəraitdən səmərəli istifadə edirlər.xa0

Hazırda xaricdə yaşayan və çalışan gənclərimiz ölkəmizi öz təhsili və bacarıqları ilə layiqincə təmsil edirlər.xa0

Belə gənclərimizdən biri də, bizim bu günkü müsahibimizxa0- Omanın paytaxtı Maskat şəhərində çalışan gənc azərbaycanlı müəllimə Mahinur Məhərovadır:

-Zəhmət olmasa, özünüz haqqında qısa məlumat verin.

-26 yaşım var. Qafqaz universitetinin “Riyaziyyat, İnformatika” fakültəsini bitirmişəm. Təhsilimi ingilis dilində almışam. Universiteti bitirən kimi Bakıda Azərbaycan-Britaniya kollecində müəllim assistenti kimi işə başlamışam. Bir semestrdən sonra isə artıq riyaziyyat müəlliməsi kimi davam etmişəm.xa0 Daha sonra çalışdığım məktəbdən İngiltərənin Nottingem universitetində pedaqogika üzrə ixtisasartırma təhsili üçün təqaüd verildi. 1 ay İspaniyada kurs keçdikdən sonra,təhsilimi həmin universitetdə kənardan, yəni onlayn şəkildə davam etdirdim. Ancaq bununla yanaşı, kollecdə müəllimə kimi işləməyə davam etmişəm. Əsasən, 10-12-ci siniflərəxa0 “Igsce” və “A level” üzrə proqramlarla dərs keçirdim. Beynəlxaq universitetlərə qəbul olmaq üçün bu proqramlardan, bu səviyyələrdən mütləq keçməlisən.xa0


-Ölkədən kənarda işləməyə necə qərara gəldiniz?

-Əslində, hər zaman düşünmüşəm ki, xarici ölkələrdən bizim məktəblərlə xeyli sayda müəllim əməkdaşlıq edirsə, azərbaycanlı müəllimlər niyə özlərini digər ölkələrdə sınamasınlar. Burada xeyli çalışdıqdan, müəyyən təcrübələr əldə etdikdən sonra qərara gəldim ki, xaricdə beynəlxalq sistemli məktəblərdə çalışım. Başqa ölkələrin təhsilində də özümü sınamaq qərarına gəldim. Bir az araşdırmalara başladım, saytlara, elanlara baxdım, axtarışlar etdim. Omanın paytaxtı Maskat şəhərində ixtisasıma uyğun vakansiya tapdım. Və CV-mi göndərdim. Məni oraya “Riyaziyyat” bölməsinin müdiri vəzifəsinə dəvət etdilər. Telefon vasitəsilə müsahibə həyata keçirildi. Hər şey uğurlu alındı və sənəd işlərimi də hazırlayandan sonra avqust ayında yola düşdüm.


-Çalışdığınız məktəb haqqında məlumat verərdiniz.

-İşlədiyim məktəb beynəlxalq məktəbdir. Milli təhsil və yerli kurikulum proqramları üzrə də dərslər keçilir. 12 illik məkdəbdir. Tədris ingilis dilindədir. Beynəlxalq proqramda işlədiyim üçün heç bir çətinliklə qarşılaşmadım. Şagirdlərin çoxu omanlıdır. Digər ərəb ölkələrindən və əcnəbi ölkələrdən gələnlər də var. Başqa ölkələrdən gələnlər daha çox oraya işlə əlaqəli gələnlərin uşaqlarıdır.xa0


-Yerli Təhsil sistemlərini bəyənirsən? Bizim təhsil proqramı ilə hansı fərqlilikləri var?

-Beynəlxalq sistemlə birinci dəfə tanış olanda şoka düşmüşdüm. 8-9-cu siniflərin riyaziyyat kitablarında hələ də sadə kəsrlərin toplama-çıxması, sadə tənliklərə rast gəlinir. Bizim təhsil sistemində onu 5-6-cı siniflərdə keçirik. Proqramları çox bəsitdir. Bu bir tərəfdən uşaqların aşağı siniflərdə çox yüklənməmələri üçün yaxşıdır.xa0 Aşağı siniflərdən riyaziyyatın çətinlikləri ilə qarşılaşıb, onuxa0 sevməmək kimi şansları yoxdur. Riyaziyyat aşağı siniflərdə qat-qat asan olsa da, 11-12-cixa0 siniflərdə xeyli mürəkkəbləşir. Omanların milli təhsil sistemi isə beynəlxalq təhsildən də bəsitdir.xa0 Bu 4 ay müddətində diqqətimi çəkən o oldu ki, işlədiyim məktəbdə şagirdləri əlavə kitab oxuyan, mütaliə edən görmədim. Azərbaycanda isə əksinə. Məktəbdə heç olmasa 4-5 şagirdə rast gəlirdim ki, dəhlizdəxa0 əllərində kitab oxuya-oxuya gəzirlər. Ümumiyyətlə, müqayisədə Azərbaycan uşaqlarının daha çox elmə, biliyə, daim öyrənməyə həvəsli olduğunu əminliklə deyə bilərəm.


-Yerli əhalinin xüsusiyyəti necədir?

-Hələ getdiyim xeyli müddət deyil deyə, çox məlumatlı deyiləm. 4 aydır ki, ordayam. İnsanları rahat və gülərüzdülər. Küçədə heç kim aqressiv görünmür. Onlarla asanlıqla ünsiyyət qurmaq olur.Yolda qalsan və ya hər hansı çətinliklə üzləşsən sənə asanlıqla yardım edirlər. Ərəb dillidilər. Lakin demək olar ki, hamı ingilis dilində danışır.xa0 İctimai nəqliyyat barmaqla sayılacaq qədərdir. Bir yerə getmək üçün taksidən istifadə etməli oluruq. Velosipeddən az istifadə olunur. Bu da çox güman ki, iqlimlə bağlıdır. Çox isti olduğundan küçədə piyada gəzmək olmur. Yayda 40, qış aylarında isə 26 dərəcə isti olur. Şagirdlər də çox yardımsevərdirlər. Əlimdə ağır bir yük olanda dərhal kömək edirlər. Müsəlman ölkəsi olduğu üçün islam qanunları keçərlidir. Bəzi məhdudiyyətləri var ki, bu da gündəlik həyatlarına yansıyır. Yerli əhali hicabdan istifadə edir. Xaricilərə geyim məsələsində heç kim qarışmır. Lakin məsləhətdir ki, çiyinlər və dizlər açıq olmasın. Çalışdığım məktəbdə məndən başqa, iki azərbaycanlı müəllim də çalışır. Azərbaycanlı tələbələr isə Omanda demək olar ki, çox azdır.
Yerli əhalinin Azərbaycan haqqında çox yaxşı təəssüratları var. Demək olar ki, bizim ölkədə olanların sayı çoxdur. Onlar əsasən, Qəbələ və Qubanı bəyəniblər.


Ülviyyə Qarayeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO