22 nəfərin ölümünə səbəb olan spirtlər apteklərdən YIĞIŞDIRILIB? – Rəsmi AÇIQLAMA

22 nəfərin ölümünə səbəb olan spirtlər apteklərdən YIĞIŞDIRILIB? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: 22 nəfərin ölümünə səbəb olan spirtlər apteklərdən YIĞIŞDIRILIB? – Rəsmi AÇIQLAMA

237013

Bakıda daha bir nəfər spirtdən zəhərlənərək ölüb. Hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Bakı şəhər sakini, 47 yaşlı Dmitri Viktoroviç Qaraminin meyiti küçədə tapılıb. Onun metil spirti qəbul etdiyi üçün zəhərlənərək öldüyü bildirilir. Bununla da Bakı şəhərində spirtdən zəhərlənərək ölənlərin sayı 22-yə çatıb.

Son günlər spirtdən zəhərlənmə nəticəsində ölüm halları davamlı xarakter alıb. Bundan əvvəl də Sabunçu rayonunda 15 nəfərin spirtdən zəhərlənməsi xəbərini vermişdik. Həmin texniki spirtin apteklərdən alındığı bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda SPİRT KABUSU davam edir: Ölənlərin sayı 22-yə ÇATDI


Baş Prokurorluğun yaydığı məlumata görə, həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtdən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib və bununla bağlı cinayət işi başlanıb.

Araşdırmalarla müəyyən edilib ki, hadisə yerlərindən götürülmüş “Starlyuks” markalı gigiyenik vasitə və etil spirti bakı şəhəri Buzovna qəsəbəsində fəaliyyət göstərən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Xanhüseynov Səbuhi Ehtibar oğlunun rəhbərliyi altında qablaşdırılmaqla istehsal olunub. Yoxlamalar zamanı gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib.

Bəs insanların ölümünə səbəb olan spirt apteklərdən yığışdırılırmı?

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, yoxlamalar yalnız lisenziyası olan müəssisələrdə keçirilir:

“Səhiyyə Nazirliyinin müvafiq göstərişinə əsasən, yerli dərman istehsalına dəstək məqsədilə, qanunvericiliyə uyğun olaraq risklərin idarə olunması sisteminə və yoxlamaların aparılmasının dövriliyi nəzərə alınaraq hər il yerli dərman istehsalçılarının yoxlaması aparılır. Yoxlamalar yalnız lisenziya əsasında fəaliyyət göstərən dərman vasitəsi olaraq istifadə edilən tibbi spirt istehsal edən müəssisələrdə keçirilir.

Mərkəzin müvafiq məlumat bazalarına əsasən hazırda xaricə istifadə məhlulu hazırlanması üçün konsentrant istehsal edən iki əcnəbi (Rusiya Federasiyası və Belarusiya Respublikası) və xaricə istifadə üçün tibbi spirt istehsalçısı olaraq iki yerli şirkət Dərman vasitələrinin dövlət reyestrində qeydiyyatdadır”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, yeyinti sənayesi üçün etil spirtinin istehsalına və idxalına nəzarət Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir:

“Kimyəvi maddə kimi məişətdə, istehsalatda istifadə edilən etil spirtinin istehsalına nəzarətin aparılması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununa əsasən 2015-ci il tarixdən dayandırılıb.

Rektifikasiya olunmuş 1-ci növ etil spirti məhsuluna (ГОСТ 5962-2013 Dövlətlərarası Standartı üzrə yeyinti sənayesi üçün istifadə oluna bilməz) və onun əsasında istehsal olunan etil spirti əsaslı əllərin və ya səthlərin təmizlənməsi üçün gigiyenik vasitələrə istehsalçıların müraciətlərinə əsasən Respublika Gigiyena və Epidemiologiya Mərkəzin tərəfindən gigiyenik sertifikatlar verilə bilər”.
 

Qeyd edilib ki, Mərkəz tərəfindən rektifikasiya olunmuş 1-ci növ etil spirti məhsuluna və əllərin təmizlənməsi üçün gigiyenik vasitələrə verilən gigiyenik sertifikatlarda onların içməli olmaması və əllərin təmizlənməsi, eləcə də məişətdə istifadə edilməsi barədə məlumatlar birmənalı olaraq qeyd edilir.


Onu da bildirək ki, Bizim.Media paytaxtda fəaliyyət göstərən bir neçə aptekdə müşahidə aparıb. Məlum olub ki, 22 nəfərin ölümünə səbəb olan texniki spirtlər, xüsusilə “Starlyuks” markalı gigiyenik vasitə və etil spirti apteklərdən yığışdırılmayıb. Satışı həyata keçirilir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO