Yeni il bayramını artıq başa vursaq da, həmin günlərdə qəbul etdiyi qidalardan hələ də əziyyət çəkənlər var. Nə təsadüfdürsə, insanların çoxunun istirahət deyəndə ilk ağlına yeyib-içmək gəlir. Halbuki, çox yeyib-içmək insanlara həm mənəvi, həm də fiziki əziyyət verir. Qəribədir ki, səyahətə çıxanda da ilk növbədə qidalanmanı ön planda saxlayırıq.
Hansı bölgədə daha yaxşı iaşə xidməti göstərilirsə, ora üz tuturuq.
MÖVZU İLƏ BAĞLI:
Axşam çox yemək üçün bütün günü ac qalmayın - Yeni il menyusunda edilən səhvlər
Halbuki, qidalanma istirahətin və səyyahətin ən axırıncı seqmentidir. Çünki istirahətə yollanan şəxs ənənəvi yaşam tərzindən və qidalanmadan imtina etməli yaddaqalan və mənalı səyyahət planları cızmalıdır. Məsələn, bir sıra Qərb ölkələrində insanlar bayramları evlərində qeyd etmir, səfərə çıxır, görmək istədikləri yerləri ziyarət edirlər. Bu səyahətlər zamanı insanlar daha çox ayaqüstü nələrisə “atışdırmağa” üstünlük verirlər.
Əslində istirahət edərkən mədəmizə də istirahət verməliyik.
Daha çox qidalanmadan qaçaraq pəhriz yeməklərinə üz tutmalıyıq. Nəticədə, istirahət zamanı təkcə beynimiz yox, həm də mədəmiz artıq yüklənmədən xilas olmalıdır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, istirahətə gedəndə nədənsə ilk ağlımıza yeyib-içmək, kabablar, restoranlar kimi seqmentlər gəlir:
“Əlbəttə ki, qidalanma turizmin ayrılmaz hissəsidir. Bəlkə də buna görə istirahətə yollanarkən qidalanmaya xüsusi diqqət ayırırıq. Amma istirahət təkcə yaxşı yeyib-içməkdən ibarət deyil. İstirahətin əsas məğzi gəzməkdir. Ona görə də istirahətə yollanarkən gəzintilərə, görməli yerlərə daha çox vaxt ayırmalıyıq.
Ənənəvi yaşayış yerimizi tərk edib, harasa yollanırıqsa, ilk növbədə gəzintilərə daha çox üstünlük verməliyik. Getdiyimiz ünvanın təbii gözəlliklərindən mənəvi qida alıb, o gözəlliklərin dadını çıxartmalıyıq”.
Müsahibimiz turizmin çeşidli növlərindən də danışıb:
“Tədqiqatlar göstərir ki, səyyahlar istirahətə yollanarkən nə qədər çeşidli turizm növləri ilə rastlaşırlarsa, səfər bir o qədər yaddaqalan və unudulmaz olur. Hazırda turizm şirkətləri səyyahlara meşə gəzintisi, alpinizm, haykinq, trekinq və s. təklif edir. Amma ümumilikdə təklif olunan seqmentlər o qədər də çox deyil. Bu da tələbatın azlığı ilə bağlıdır.
Çünki insanlarımız passiv istirahətə daha çox üstünlük verirlər. Sağlamlıq və işgüzar turizmi seçənlər kifayət qədər azdır. Nəzərə alaq ki, ölkədə turizm növlərinin çeşidi nə qədər çox olsa, turistlərin də sayı bir o qədər çox olur”.
Surxay Atakişiyev, Bizim.Media