Azərbaycan Mərkəzi Banka (AMB) bildirib ki, bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 496,6 milyon manat təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə 3,5 % çoxdur.
MÖVZU İLƏ BAĞLI:
Mərkəzi Bankın 2025-ci il üçün inflyasiya PROQNOZU
Məlumata görə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 13,4 %, son 1 ildə isə 12,8 % artıb. Dekabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət noyabrın 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il dekabrın 1-nə isə 1,9 % olub.
Problemli kreditlər niyə artır?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, problemli kreditlərin həcminin artmasının 2 səbəbi var:
“Birinci səbəb odur ki, bankların tətbiq etdikləri faizlər çox yüksəkdir. Ona görə də kredit götürənlər həddən çox yükləndikləri üçün borcu vaxtlı-vaxtında qaytara bilmirlər. İkinci səbəbsə əhalinin real gəlirlərinin ilbəil aşağı düşməsi və infilyasiyanın sürətlənməsidir. Bu dediklərimiz problemli kreditlərin artmasının fundamental səbəbləridir”.
Müsahibimiz qeyd edib ki, problemli kreditlər ölkədə olan pul vəsaitlərinin dondurulmasına səbəb olur:
“Bir növ böyük ölçüdə pul vəsaiti dövriyyədən çıxarılmış olur. Nəticədə bankların rentabelliyi azalır. Fikir versək, görərik ki, ölkəmizdəki bankların çoxu xalis gəlirdən məhrumdur. Bu da əsasən problemli kreditlərlə bağlıdır. Çünki verilən kreditlər vaxtında geri qaytarılmayanda həm bankın mənfəəti olmur, həm də dövriyyə vəsaiti azalır. Üstəlik, problemli kreditlərin həcmi artdıqca insanların sosial durumu da pisləşir. Problemli kreditlər nə qədər az olarsa, bu ölkə vətəndaşlarının rifahının bir o qədər yüksək olduğunun göstəricisidir”.
Surxay Atakişiyev, Bizim.Media