Cəbhədəki qələbələr əmək cəbhəsində davam edəcək - FOTOLAR

Cəbhədəki qələbələr əmək cəbhəsində davam edəcək - FOTOLAR

Hazırda oxunan: Cəbhədəki qələbələr əmək cəbhəsində davam edəcək - FOTOLAR

1736

Bizim.Media-nın xəbərinə görə, nazir İnam Kərimov kənd təsərrüfatı  işçilərinin peşə bayramı münasibəti ilə fermerlərə müraciət edib. Müraciətdə deyilir:

- Əziz fermerlər!

Sizi 1 noyabr - kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar diləyirəm.

Bu il kənd təsərrüfatı işçilərinin peşə bayramı tarixi günlərə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı azad etmək üçün uğurlu əks-həmlə əməliyyatı həyata keçirir. Bu əməliyyatlar nəticəsində artıq 4 rayon, 3 qəsəbə, 186 kənd və bir sıra strateji yüksəkliklər düşmən işğalından azad edilib. Cəbhədə əldə etdiyimiz qələbələr bütün vətəndaşlarımızı ruhlandırır, cəmiyyəti bir yumruq kimi birləşdirir.

Çox təəssüflər olsun ki, döyüş meydanında məğlub olan mənfur düşmən mülki vətəndaşlarımızı hədəfə götürür. Erməni hərbi birləşmələrinin atəş xəttindən uzaqda yerləşən evləri, mülki infrastrukturu və sadə insanları atəşə tutması nəticəsində 11-i uşaq olmaqla 91 soydaşımız həlak olub, 404 soydaşımız yaralanıb, 2465 yaşayış evi və 455 mülki obyekt yararsız vəziyyətə düşüb. Mülki əhaliyə xain hücumlar nəticəsində həlak olan və yaralanan soydaşlarımız arasında həmçinin fermerlərimiz vardır.

Ermənistanın hərbi təcavüzü əkin sahələrimizə, iş yerləri yaradan və kəndlərin inkişafını təmin edən ərzaq istehsalına da mənfi təsir göstərib. Bu təcavüz unikal və təmizqanlı məşhur Qarabağ damazlıq atları üçün ciddi təhdidlərə səbəb olub, təmas xəttində yerləşən kəndlərdə xeyli sayda iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikası məhv edilib. Ümumilikdə davam edən hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir edib.

Torpaqlarımızın işğaldan azad edilməsi biz fermerlərin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz işğaldan azad edilən torpaqları həyata qaytarmalıyıq.

Bu məqsədlə azad edilmiş torpaqlarımızda kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yüz min hektarlarla sahənin suvarılması təmin ediləcək.


Azad edilmiş torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq. Aqrar sahədə çalışan hər bir kəs öz üzərinə düşən məsuliyyəti anlayır və müharibə dövründə ikiqat əzmlə çalışır. Əminik ki, Ordumuzun cəbhədə əldə etdiyi qələbələri fermerlərimiz əmək cəbhəsində davam etdirəcəklər.

Əziz fermerlər!

Sizin adınızdan fermerlərimizə daim qayğı göstərən, aqrar sahənin inkişafına davamlı dəstək verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu diqqətinə görə təşəkkürümüzü bildirir, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əməliyyatları davam etdirən rəşadətli Ordumuza uğurlar diləyirik.

Bildiririk ki, işğaldan azad olunmuş torpaqlarda dağıdılaraq məhv edilmiş aqrar fəaliyyətin yenidən bərpası və inkişafına Kənd Təsərrüfatı Nazirliyinin bütün kollektivi və fermerlər əzmlə hazırdır.

Qələbə bizim olacaq!
Qarabağ Azərbaycandır!


 
Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO