Şəki meşələrini qızıla boyayan, ipək kəlağayıları bəzəyən SARAĞAN AĞACI – REPORTAJ/FOTO 

Şəki meşələrini qızıla boyayan, ipək kəlağayıları bəzəyən SARAĞAN AĞACI – REPORTAJ/FOTO 

Hazırda oxunan: Şəki meşələrini qızıla boyayan, ipək kəlağayıları bəzəyən SARAĞAN AĞACI – REPORTAJ/FOTO 

168661

Bu gözəlliyə vəsilə olan sarağan bitkisi-ağacı həm də təbii boyası ilə ipəkçilikdə mühüm əhəmiyyət kəsb edir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tarix-mədəniyyət abidələri kimi Şəkinin flora və faunası da zəngindir. 

İlin bütün fəsilərində təbiəti ilə diqqət çəkən Şəkidə payızın başqa bir gözəlliyi var. Rayona gələn yerli və xarici turistlərin diqqətini çəkən məkanlardan biri də Şəki-Oğuz yolu üzərindəki Küngüt-Bideyz kəndlərini əhatə edən sarağan meşəliyidir. Bu magistraldan istifadə edənlər qızıl payızın əsl gözəlliyini hiss edib, duya bilir. 

Yarpaqları qızılı rəngə boyanan sarağan ağacının başqa hansı faydaları var?


Bu haqda əməkdaşımız araşdırma aparıb, kənd sakinləri və mütəxəssislərlə görüşərək onların fikrini öyrənib. 

Haqqında söhbət açacağımız sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün bir sıra ölkələrdə becərirlər. Bizdə isə bu ağac əsasən çaylaqlarda, meşələrdə heç bir qulluq olmadan yetişir. 

Sarağan hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür.


Baş Küngüt kənd sakini Şahin İslamov deyir ki, ən gərgin vaxtlarımızda bu meşəliyi yarım saat gəzmək yetər ki, qayğılardan azad olasan. Müsahibim bildirir ki, bu bitki xarici ölkələrdən fərqli olaraq bizim meşələrdə yabanı halda bitir. 

Sarağandan eyni zamanda dərman bitkisi kimi də istifadə olunur. 

Ta qədimdən sarağanın yarpağı və budağından boya alınıb, xüsusən ipəkçilikdə istifadə olunub. Şəkinin Cənubi Qafqazda ipəkçilik mərkəzi kimi inkişaf etməsi və formalaşmasında, məhsullarının keyfiyyətinə görə dünya bazarlarında təlabat yaranmasında, əlbəttə ki, sarağan boyası az rol oynamayıb. Sarağan boyasından bir zamanlar ən çox ipək məhsullarının xüsusən də kəlağayının boyanmasında istifadə olunub. 

Ömrünün 40 ilini ipəkçiliyin inkişafına həsr edən Qüdrət Quliyevlə söhbətimiz də məhz bu barədədir: 

“Şəkidə biz tariximizi bu kəlağayılarda qoruyub saxlayırıq. Bu kəlağayıların da soğanı, ağ, qara rəngli olanları var ki, klassik üslubdadır və bunlar bizdə qalır. Bura-İpək Kombinatı bir tarixdir, yəni elə bir ikinci müəssisə tanımıram ki, burda olan proseslər, barama, ipəyin, kəlağayının istehsalına qədər bütün proseslər icra olunsun. 

Kənddən yığılan barama bizim baramaaçanda istehsal olunur, burucu burur, toxucu toxuyur, boyaq-bəzək istehsalında güllənir. Belə bir müəssisə Qafqazda yoxdur” deyən təcrübəli ipəkçi son illər təbii ipək məhsullarına marağın artdığını, xarici ölkələrdən gələn qonaqların əksəriyətinin ipək məhsulları aldıqlarını bildirir.

Muzeyşünas-tədqiqatçı Təranə Abdullayeva son illər ipək məhsullarına eləcə də kəlağayıya olan təlabatın artmasının səbəblərindən danışarkən bildirib ki, ipəkqurdu baramasından alınan iplərdən toxunan bu məmulatlar tam ekoloji və insan orqanizmi üçün çox faydalıdır.
Təranə xanım yerli və xarici mütəxəssislərin rəyinə istinad edərək diqqətə çatdırır ki, ipək məhsulları eləcə də kəlağayı ta yaranmasından istehsalına qədər ən təbii məhsullardan biridir. 


Çünki ipək məhsulları, kəlağayı gigiyenik, qoruyucu bir atributdur. Ondan insana mikrob keçmir. Ötən əsrlərin qadın geyimlərində ipək məmulatları və kəlağayı kimi atributun meydana gəlməsi Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlıdır. 

Görkəmli Azərbaycan maarifçisi, dramaturqu və etnoqrafı Rəşid bəy Əfəndiyev özünün “Azərbaycanın Şəki əyalətində ipəkçilik oçerki”ndə Şəkini Çinlə eyni səviyyədə tutaraq ipəkçiliyin vətəni adlandırıb və ipəyin keyfiyyətli və təbii alınmasında sarağan boyasının xüsusiyyətlərindən bəhs edib. Bunu bəzi tarixi mənbələr də təsdiq edir. 

Təsadüfi deyil ki, 2014-cü ilin noyabr ayında Azərbaycan kəlağayısı UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına “Qadın ipək baş örtüyü kəlağayını ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə daxil edilib.








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO