Nazirin təklifinə DƏSTƏK – “Tədris ili UZADILSIN, yay tətilinin müddəti AZALDILSIN”

Nazirin təklifinə DƏSTƏK – “Tədris ili UZADILSIN, yay tətilinin müddəti AZALDILSIN”

Hazırda oxunan: Nazirin təklifinə DƏSTƏK – “Tədris ili UZADILSIN, yay tətilinin müddəti AZALDILSIN”

136448

Xəbər verildiyi kimi, Elm və təhsil naziri Emin Əmrullayev tədrisin sentyabrın 1-dən etibarən başlanmasını, yay tətilinin azaldılmasını və təhsil müddətinin artırılmasını təklif edib.

Nazir hesab edir ki, tədris ili nə qədər uzun olarsa, bu, uşaqların gələcəyi üçün daha səmərəli olacaq.

Məsələ ictimaiyyətdə ciddi müzakirə obyektinə çevrilib. Əslində çoxluq dərslərin sentyabrın 1-dən başlanması fikrini dəstəkləsə də, tədris müddətinin uzadılması və yay tətilinin azaldılmasını istəmir. Əksinə dərslərin sentyabrın 1-də başlayıb, mayın 30-da bitməsi daha məqsədəuyğun hesab edilir.   
 

Bizim.Media-ya mövzu ilə bağlı danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov nazirin təklifini dəstəkləyib: 

“Nazir çıxışında bu məsələ ilə bağlı sadəcə arzularını ifadə etdi. Bu fikirlərdə həm də çox ciddi mesajlar vardı. Əlbəttə ki, təhsil müddətinin artırılması və yay tətilinin qısaldılması ilə bağlı qərarı Elm və Təhsil Nazirliyi vermir. Bu qərar Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Zaman-zaman mənim də bu istiqamətdə fikirlərim olub. Hesab edirəm, yay tətilinin müddəti kifayət qədər uzundur  və Azərbaycanda əlamətdar, bayram günləri çoxdur. Təbii ki, 6 günlük tədris müddəti də bütövlükdə tədris ilinə öz təsirini göstərir.  

Azərbaycanda yay tətilinin müddətini təkcə Almaniya ilə müqayisə edin. Təhsil tutumlu ölkələrin əksəriyyətində şagirdlər bütün günü məktəbdə olurlar. Yəni şagird birbaşa məktəbə bağlı olur. Onun asudə vaxtı da orada təmin olunur.

Yay tətilinin bu qədər uzun olması və şagirdlərin 3 ay məktəbdən uzaq qalması birbaşa olaraq tədrisin keyfiyyətinə təsir edir. İstənilən halda təhsilin keyfiyyətini artırmaq prioritet olmalıdır”. 

İlqar Orucovun sözlərinə görə Azərbaycan dövlətinin bütövlükdə tədrisin keyfiyyətinin gücləndirilməsi ilə bağlı təhsildən gözləntisi və münasibəti bəllidir.

"Tədris proqramlarının, təhsilin məzmununun keyfiyyətli olması, o məzmunu çatdıracaq pedoqoji heyətin seçimi və yerində olması, məktəb rəhbərlərinin fəaliyyəti tədrisin keyfiyyətinə təsir edən faktorlardandır. Bu siyahıya zaman faktorunu da əlavə etməliyik.  

Bu baxımdan ümid edirəm ki, yaxın gələcəkdə tədris ilinin müddətinin uzadılmasına  baxılacaq. Bu yalnız və yalnız fayda verə bilər. Biz nə qədər təhsilalanları təhsil müəssisələrinə bağlasaq, onları təhsillə əhatə etsək o qədər səmərəsi olar. Bu təklif həm də ali təhsil müəssisələrinə aiddir və məsələyə kompleks baxmaq lazımdır. Nazirin bu barədəki çıxışı da təhsilin inkişafı naminə və təhsilli cəmiyyət qurmaq yolunda deyilmiş fikirlərdir”.  

Qeyd edək ki, Azərbaycanda dərslər sentyabrın 15-də başlayır, iyun ayının 14-də isə bitir.  Dünyanın müxtəlif ölkələrində tədris ilinin başlanılması fərqli tarixlərdə  olsa da, bir çoxunda sentyabrın 1-də başlayır.

Almaniyada tədris prosesi hər inzibati bölgədə fərqli vaxtlarda başlayır. Adətən bu tarix iyulun sonları ilə sentyabrın əvvəllərindən başlayıb iyunun ortalarına və iyula qədər davam edir.  

Hindistanda ibtidai və orta məktəblərdə dərslər iyun ayından növbəti ilin mart ayına qədər olan dövrü əhatə edir. İndoneziyada dərs ili iyuldan növbəti ilin iyununa qədər olan 11 ayı əhatə edir. İtaliyada məktəblər sentyabrın ilk 15 günlüyündə başlayır və iyunda başa çatır. Yeni Zelandiyada eyni təhsil dövrü 7 fevralda başlayıb 20 dekabra qədər uzanır. İngiltərə və Uelsdə dərs ili sentyabrın əvvəllərində başlayır və iyunun sonlarına qədər olur.  
 

Amma Böyük Britaniyanın digər subyekti Şotlandiyada dərslər avqustun ortalarında, yaxud sonlarında başlayıb növbəti il iyunun sonlarına və iyulun əvvəllərinə qədər davam edir.

ABŞ-da Bilik gününün konkret tarixi yoxdur və ştatlar, eləcə də yerli qanunverici orqanlar bunun üçün fərqli tarixlər seçir. Amerikada bir çox məktəbdə Bilik günü sentyabr ayının ilk bazar ertəsi yaxud cümə axşamına təsadüf edir. Amma ölkənin cənubunda dərslər iyulun sonları və avqustun əvvəllərindən başlayır. Standart tədris prosesi 42 həftəni əhatə edir və iyun ayının ilk bazar ertəsinə qədər davam edir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO