Milli Məclisin martın 15-də keçirilən iclasında baş nazir Artur Rasizadə başda olmaqla hökumətin tam tərkibdə iclasda iştirak etməsindən istifadə edən Qubadan olan deputat Yevda Abramovun hökumətə yönəlik çıxışı cəmiyyətdə maraqla qarşılandı və mətbuatda da geniş ilgi gördü.
Eyni zamanda onun hökumətə yönəlik tənqidi çıxışına dodaq büzənlər də oldu, onu buna görə qınayanlar da tapıldı.
Amma deputatın özü fikirlərində hər hansı yanlışlığa yol vermədiyini deyir. Moderator.az - a açıqlamasında Qubadan seçilmiş deputat bildirir ki, görünür onu düzgün başa düşməyiblər:
"Mən dedim ki, Rusiya da bizim günümüzdədir. Amma bizdən fərqli olaraq Rusiyada hər gecə nazirlər televiziyaya çıxıb bu vəziyyətdən çıxmağın yollarını xalqla, deputatlarla, ekspertlərlə birlikdə araşdırırlar. Bütün Rusiya da buna baxır və görür, özü üçün nəticələr çıxarır. Mən də onu deyirəm, amma bizim nazirlərdən biri hələ çıxıb xalqa hesabat verməyib ki, hansı işləri görməyi planlaşdırırlar. Ona görə də mən dedim ki, onların yerini müğənnilərin didişməsi və xörək bişirilməsi alıb. Amma mən istəyirəm ki, kənd təsərrüfatı naziri televiziyaya çıxıb desin ki, ay xalq, ay camaat, bu çətinlik tutaq ki, bir ilə və ya beş ilə düzələcək, bunun üçün hansı addımlar atılır və atılacaq. Eləcə də digər nazirlər və komitə sədrləri çıxıb xalqa hesabat versinlər, onları maraqlandıran suallara aydınlıq gətirsinlər. Hər həftə nazirlərdən biri çıxıb millətin problemlərindən neçə çıxış yolları arandığıyla bağlı planları bölüşsünlər. İndi təsəvvür edin, on minlərlə azərbaycanlı Telman İsmayılovun bağlanan bazarlarından Azərbaycana qayıdıb. Onlar potensial narazılar ordusudur və mən hökumətə bunu çatdırmaq istəyirdim ki, vəziyyətin kritikliyini nəzərə alsınlar. Bu günlərdə telekanallardan birinin əməkdaşları gedib Qubanın ən ucqar kəndlərindən birində - Qonaqkənddə çəkiliş apardılar. Görəydiniz ki, insanlar necə ağlayırdılar. Camaatın əkin - biçin yerlərini sel aparır, hamı əli qoynunda qalıb, mən də hökumətə deyirəm ki, bu camaatın günahı nədir, vaxtında bənd vurun ki, belə vəziyyət yaranmasın. Mən bundan artıq nə deyirəm ki"?





































































































