Udduğumuz oksigendir, yoxsa dəm qazı? – Paytaxtın havasını zəhərə çevirən FAKTORLAR

Hazırda oxunan: Udduğumuz oksigendir, yoxsa dəm qazı? – Paytaxtın havasını zəhərə çevirən FAKTORLAR

127660

“Gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı 1.7, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.4, Sumqayıt şəhərində 1.2 dəfədən çox artıb”. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan ekoloq Ənvər Əliyev dəm qazının həcminin kəskin şəkildə artmasının səbəbini bütün mənzillərdə kombilərin quraşdırılmasında görür:

“Bundan əlavə, iri qazanxanaların da bu məsələdə payları var. Həm qazanxanalarda, həm də kombilərdə normal yanma getmədiyinə görə dəm qazının həcmi artır. 

Bundan başqa Bakıda və digər mərkəzi şəhərlərdə avtomobillərin sayı son illərdə kəskin artıb. Bu avtomobillərin çoxunun istismar müddəti başa çatıb. Ona görə də həmin avtomobillərdə daxiliyanma mühərriki yaxşı işləmir. Ona görə də avtomobillər də ətraf mühitə ciddi ziyan vurur”. 

Ekoloq bildirib ki, dəm qazı insan sağlamlığı üçün olduqca zərərlidir:

“Bəzən bu insan ölümünə də səbəb olur. Bildiyiniz kimi, dəm qazı insanın qırmızı qanındakı oksigeni dərhal udur. Nəticədə insan zəhərlənir. Dəm qazının tullantısı ətrafdakı insanlarda baş ağrısı yaradır, qan dövranını zəiflədir. Ona görə də bu məsələ barədə ətraflı düşünülməli, qəti qərar verilməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO