Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu kimlər məhv etmək istəyib?

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu kimlər məhv etmək istəyib?

Hazırda oxunan: Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu kimlər məhv etmək istəyib?

115941

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində onun Qədim Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ şəhərinin qalıqlarının dağıdılması üçün gizli plan quranları necə ifşa etməsi, tarixi memarlıq abidəsinin qorunub saxlanılması haqda məsələni qaldırmasıyla bağlı ilginc faktları ilk dəfə Bizim.Media oxucuları ilə bölüşür. 

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov Bizim.Media-nın əməkdaşı ilə söhbətində Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasındakı xidmətlərindən bəhs edib.

Direktor qeyd edib ki, ulu öndər hələ sovetlər birliyi illərində Azərbaycana rəhbərlik edərkən sağlam cəmiyyət quruculuğuna diqqətlə yanaşıb, köklü mənəvi dəyərləri, tariximizi yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılayıb. 

Ulu öndərin bu sahədə həyata keçirdiyi ən böyük işlərdən biri Qədim Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ şəhərinin qalıqlarının qorunub saxlanılması idi.

Belə ki, 1977-ci illərdə Azərbaycan Çar Rusiyası və Sovet imperiyasının tərkibində olduğu dövrdə də Qəbələ dəfələrlə çox ciddi dağıntılara məruz qalıb. Sovet hakimiyyətinin ilk illərində şəhərin cənub qala divarları rus hərbçiləri tərəfindən partladılıb. 

1977-ci ildə Qəbələ radiolokasiya stansiyası tikilərkən isə milliyyətcə erməni olan mütəxəssislər tərəfindən yüksək gərginlikli elektrik xəttinin bilavasitə qədim şəhər ərazisindən keçməsi layihələşdirilib. Layihə icra olunarkən arxeoloq alimlərin ciddi etirazına baxmayaraq, qədim şəhər yerinə ağır texnika gətirilərək orada bir neçə yerdə elektrik dirəkləri üçün yer qazılıb, beləliklə də qədim şəhər növbəti dəfə çox ciddi dağıntılara məruz qalıb. 
Həmin anda Qəbələdə arxeoloji tədqiqatları davam etdirməkdə olan arxeoloq Firidun Qədirov dərhal baş verənlər barədə Akademiyanın Tarix İnstitutunun şöbə müdiri, tanınmış qəbələşünas tarixçi alim, professor İqrar Əliyevə məlumat verib. O da öz növbəsində baş verənlər barədə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Qurban Xəlilovu məlumatlandırıb. Q.Xəlilov isə məsələ barədə Azərbaycan KP MK-nın I katibi Heydər Əliyevə məlumat verib. 

Qəbələ ətrafında baş verənləri dərindən araşdıran Ulu Öndər məsələni dərhal Azərbaycan KP MK-nın büro iclasının müzakirəsinə hazırlamaq barədə göstəriş verib. Onun tapşırığı ilə Qəbələyə ezam olunmuş Dövlət Komissiyasının hazırladığı arayış Mərkəzi Komitənin 17 yanvar 1978-ci il tarixli iclasında geniş müzakirə olunub və abidənin qorunmasına laqeyd münasibət göstərən cavabdeh şəxslər ciddi cəzalandırılıb.

Az sonra Qəbələ respublika hökumətinin qərarı ilə Dövlət qoruğu elan olunub. 

Şəhəri sel sularının dağıdıcı təsirindən xilas etmək məqsədilə beton bəndlər tikilib. Ölkə rəhbərliyinin birbaşa qayğısı sayəsində Qəbələdə arxeoloji tədqiqatların yeni mərhələsi başlanıb.

Qeyd edək ki, “SEBA” təşkilatının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə ərsəyə gətirilən və ölkəmizdə yeganə olan Qəbələ Arxeoloji MərkəziNİN 2014-cü ildə ölkə başçısı İlham Əliyevin Qəbələyə səfəri zamanı rəsmi açılışı olub.

Arxeoloji qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılıb. Qazıntılar zamanı əldə olunan 1500-ə yaxın eksponat sərgidə nümayiş etdirilir.

Ölkə başçısı Arxeoloji Mərkəzlə tanış olaraq belə bir müəssisənin yaradılmasını yüksək qiymətləndirib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO