Siyəzən şəhərində iki polis əməkdaşının dəm qazından boğularaq ölməsi faktı ilə bağlı Siyəzən rayon prokurorluğunda araşdırma başlanılıb.
Bizim.Media-nın rayonun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Siyəzən rayon polis şöbəsinin sahə polis rəisi vəzifələrində çalışan 36 yaşlı Faiq İskəndərov və 35 yaşlı Elmir Əsgərov iş yoldaşlarının telefon zənglərinə cavab vermədikləri üçün kirayədə yaşadıqları evə gedilib və onlar ölü vəziyyətdə tapılıb.
MÖVZU İLƏ BAĞLI:
Siyəzəndə iki polis dəm qazından öldü
Mərhum polis əməkdaşlarının meyiti tibbi ekspertiza üçün Bakıya göndərilib.
Dəm qazı qurbanı olan polis əməkdaşları Siyəzən şəhərinin Bəşir Səfəroğlu küçəsindəki evlərin birində kirayədə yaşayırdılar.
Qeyd edək ki, 13 sentyabr 2012-dən daxili işlər orqanlarında xidmətə başlayan 36 yaşlı Faiq İskəndərov 24 sentyabr 2022-ci ildən Siyəzən rayon polis şöbəsinin sahə polis rəisi vəzifəsində işləyirdi.
35 yaşlı Elmir Əsgərov isə 13 aprel 2013-cü ildən polis sistemində işləməyə başlayıb. Mərhum Əsgərov 19 yanvar 2022-ci ildən Siyəzən polisində sahə polis rəisi vəzifəsində çalışırdı
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu