“Ölüm kağızı”nın verilməsində yaşanan problemlərə RƏSMİ cavab 

“Ölüm kağızı”nın verilməsində yaşanan problemlərə RƏSMİ cavab 

Hazırda oxunan: “Ölüm kağızı”nın verilməsində yaşanan problemlərə RƏSMİ cavab 

113422

"Facebook" istifadəçisi Samir Əliyev atasının “ölüm kağızı”nı almaqla bağlı problem yaşadığını ifadə edərək paylaşım edib.

Onun sözlərinə görə, üz tutduğu Xırdalan Ailə Sağlamlıq Mərkəzindən və TƏBİB-dən bildirilib ki, çıxış yolu məhkəməyə müraciət etməkdir:

“Atamın ölüm kağızını almaq üçün "Xırdalan poliklinikası" adlandırdığımız Xırdalan Ailə Sağlamlıq Mərkəzinə getmişdim. Qeydiyyat şöbəsindən ailə həkimi terapevt Sevinc Qaragözovaya yönləndirdilər.

Terapevt isə dedi ki, atanız bizdə qeydiyyata düşməyib, mənim pasiyentim olmayıb, onun xəstəliyi barədə məlumatsızam. Təbii ki, həkimə insan öldükdən sonra onun xəstəliyinin nə olmasının əhəmiyyətsiz olduğunu izah etməyə çalışdım və əlavə etdim ki, atam TƏBİB sistemində olan ixtisaslaşmış xəstəxanalarda - Kardiologiya, "Respublikanskiy" (M. A. Qasımov adına Respublika Klinik Xəstəxanası – red.) xəstəxanalarında müalicə olunub və orda qeydiyyatda olub. Hətta əlavə etdim ki, koronaya yoluxanda sizdə qeydiyyatda olub və sizdən pulsuz dərman da götürmüşük.

Bütün dediklərimin faydası olmadı. Dedi ki “məhkəməyə (?!) müraciət etməlisiniz”. Məhkəmə yaxınlıqda olduğundan təcili ora baş çəkdim.

Görüşdüyüm vəkil dedi ki, polikinikadan imtina kağızı almalıyam, sonra onun əsasında "pasportstol"dan imtina kağızı almalıyam.

Bütün bu işlər üçün 200 manata yaxın xərc çıxacaq. İmtina kağızı üçün təkrarən terapevt xanıma müraciət edəndə bildirdi ki, Xırdalan xəstəxanasına müraciət edib imtina kağızını oradan almalıyam.
Evə gəlib TƏBİB-ə zəng vurdum. Onlar da terapevtin dediklərini təkrarlayaraq bunun yolunun məhkəmə olduğunu bildirdilər. Sözgəlişi məsələni araşdıracaqlarını bildirdilər.  İndidən cavablarının nə olacağını bilmək çətin deyil”.

Məsələ ilə bağlı TƏBİB-in ictimaiyyətlə əlaqələr və marketinq departamentindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən vətəndaşın məsələsində tibb müəssisəsi tərəfindən heç bir qanunazidd hala yol verilməyib:

“Bununla belə, onunla əlaqə yaradılıb, müəyyən köməklik təklif olunub”.

TƏBİB ölüm haqqında tibbi şəhadətnamənin tərtibi və təqdim edilməsi proproseduruna da aydınlıq gətirdi:

“Tibbi şəhadətnamənin tərtibi və təqdim edilməsi proseduru Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” ilə tənzimlənir. Qaydanın 4.2-ci bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni müvafiq olaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən tibb müəssisələri və ya patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına  məlumat verir.

Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir.
Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.

Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir”.

Aşağıdakı hallarda isə tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir:

“Hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı, infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında, zorakı ölümə şübhə olduğu hallarda, ölümün baş vermə səbəbi məlum olmayan digər, eləcə də ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda”.

Bildirilib ki, eyni zamanda, Əhalinin sağlamlığının qorunması haqqında qanunun 41-ci maddəsinə əsasən, patoloji-anatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana  ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər.

Beləliklə, yuxarıda göstərilən hallarda pataloji-anatomik yarma aparılmadan ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi qeyri-mümkündür.
Digər hallarda patoloji-anotomik yarma aparılmadan (ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin xahişi ilə) ölüm haqqında tibbi şəhadətnamə verilə bilər”.

TƏBİB-dən o da bildirilib ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur.

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO