İnsan var özü üçün yaşayır, insan da var, Vətəni, xalqı üçün yaşayır.
Ömrünü ona həsr edir. Belə insanlar bir gün tarixin səhifələrinə öz adlarını vüqarla yaza bilirlər. Özü də adı kimi vüqarlı olan bu gənci uzun zamandı ki, sosial şəbəkələrdən izləyirəm. Azərbaycan naminə gördüyü işləri izlədikcə qürur duyuram. Elə söhbətə də onun bir ifadəsi ilə başlamaq istəyirəm:“Əgər insan əlindəki mükəmməl vasitə ilə millətimizi, Azərbaycanı, türkçülüyü, tariximizi layiqli təbliğ və təmsil edə biləcəksə, əlbəttə, layiqli davamçı saymaq olar”x9d. Niderlanddakı gənclərimiz barədə vurğuladığı bu sözlər bilavasitə elə Vüqar Abbasovun özünə də şamildi. Öz imkanları hesabına Niderlandda fəaliyyət göstərən jurnalist Vüqar Abbasov 5 ilə yaxındır ki, o ölkədə yaşayaraq Azərbaycanımızı tanıtmaq missiyasını davam etdirir. Niderland mətbuatında dəfələrlə Azərbaycan barədə müsahibə verən Vüqar eyni zamanda qarabağ problemini də gündəmdə saxlayır. Ən kiçik məclisdə belə Azərbaycanın adını çəkir, Qarabağ məsələsində ətrafdakıların fikrini öyrənməyə çalışır. Erməni diasporunun fəaliyyətinə qarşı mübariz ruhunu, əzmkarlığını göstərən Vüqar diaspor fəaliyyəti yönündə çəkinmədən erməni yalanlarına qarşı Azərbaycan həqiqətlərini göstərir. Mən onu virtual tanısam da vətənpərvərliyi ilə qəlbimə yol tapan bu gəncin, əzizim, həmkarım, tanınmış jurnalist Elnur Eltürklə yaxın olduğunu duydum. Elnurdan soruşduqda, fəxarətlə gülümsədi. Dedi:”x9d Vüqar Abbasov Azərbaycanın dəyərli gənclərindən biridi. Sizin kimi mən də onunla qürur duyuram. Onun Vətən naminə təmənnasız gördüyü işlər təqdirə layiqdi. Niderland parlamentariləri ilə əlaqə quran Vüqar onlar vasitəsilə də daha geniş müstəvidə fəaliyyət göstərmək imkanına malik oldu. Bu da bizdə sevinc hissi oyatdı. Bəzi ölkələr var ki, orda heç Azərbaycanın adını eşitməyən insanlar var. Dövlətimiz sayəsində, belə oğullar sayəsində Azərbaycanın adı uzaqlara yayılıb”x9d. Əlbəttə ki, qərib bir yerdə siyasi bir işlə məşğul olmaq böyük mənəvi güc tələb edir. Vüqar Abbasov öz gücünü ortaya qoyaraq yaratdığı təşkilat vasitəsilə bir çox layihələrə imza atdı. Onun xarici mətbuatda yayımlanan yazılarında, şəkillərində Azərbaycanın adı var, millətimizin adı var, bizlər varıq! Bunların cəmində tariximiz var. “Mənim məqsədim əlimdən gələn qədər Azərbaycan adına bir iş görməkdir”x9d- deyən Vüqar özünü cəbhədəki kimi ayıq-sayıq, hücuma hazır formalaşdırıb. Erməni yalanlarına qarşı tarixi faktları Niderland kimi ölkədə ortaya qoymaq qorxmaz türk əsgərinə xas xüsusiyyətdir! Müsahibələrin birində dediyi “ Fəaliyyətimi iki istiqamətdə qurmağa çalışıram: insanlara ölkəmizlə bağlı məlumat vermək və siyasi elita ilə münasibətlər qurmaq. Fəaliyyətimin birinci hissəsi yaşadığım regionla bağlıdır. Onlar arasında Azərbaycanla bağlı məlumat yayıb, ən azı bu ölkənin harda yerləşdiyini onlara öyrətmək, xırda bir təəssürat yaratmaqdır. Bu bir qədər təvazökarlıqdan uzaq olacaq, amma mən bura təzə gələndə burada insanlar, bir çox halda Azərbaycan sözünü deyə bilmirdi, ölkəmizlə bağlı ən xırda təsəvvür belə çox az idi bu insanlarda. Amma indi əhalinin böyük əksəriyyəti, ən azı mətbuatı izləyən, radio dinləyən hissəsi, Azərbaycanı, Qarabağ problemini bilir”x9d- sözləri dəyərli bir Azərbaycan övladının gənclərə örnək nümunəsi olmasından xəbər verir. Facebook sosial şəbəkəsində paylaşdığı statuslarda diqqətimi çəkən bir məqam da adət-ənənəmizə bağlılığıdı. Yad ölkədə adətləri qorumaq özü də vətən təəsübündən irəli gələn əsas nüanslardan biridi. Bəzi mədəniyyətlər var ki, tamamən bizim mentalımıza uyğun deyil! Bəzi uyğunsuzluqları evin kandarından çöldə həzm etmək zorunda olsan da, kandardan içəri evin özünə məxsusdu. Və bu özü qorumaq da məhz bizim Vüqar kimi oğullarımızın boynuna düşən vəzifədi. Hər şeyi modernləşdirmək olar. Əxlaqdan başqa! Bir əxlaq nizamının qiyməti onun hansı mənşəli olmasına bağlıdı. Ən əvvəl əxlaq nizamını qoruyan Vüqar gənc olmasına baxmayaraq ağsaqqal statusu qazana bildi. Təbii ki, ağsaqqallıq yaşla ölçülmür. Yad ölkələrdə əyləncələrə qapılmayıb elin dərdini kiçik çiyinlərində yorulmadan gəzdirən bu gənci alqışlamaq, gənclərə örnək etmək lazımdı. Sıralarımız nə qədər sıx olsa o qədər güclü olarıq. Təbliğatımız nə qədər güclü olsa o qədər zəfərə nail olarıq! İnsanların bir-birlərinin üzərində hörmət, ehtiram kimi borcları vardır. Əsasən bunu qorumaq lazımdı. Həqarət, istehza, mənəmlik iddiası gənclərimizin ruhuna hakim kəsilib. Biz həqiqət deyilən şeydən danışarkən təkcə öz əhatəmizi deyil kənardan bizə qulaq kəsilənləri də nəzərə almalıyıq. Mənim fikrimcə yetərincə tanınmış, vətənə, dövlətə yetərincə xidməti olan biri barədə danışarkən ehtiyatlı olmaq lazımdı. Çünki biz öz atalarımızdan, öz analarımızdan, qardaş-bacılarımızdan danışırıq. Və ən nəhayəti hər tərəfi düşmənlə əhatələnmiş vətənimiz Azərbaycandan danışırıq! Bütün bunları diqqətdə saxlayan Vüqar Abbasov da düşünülmüş qərarlar verir. Mövlanə ruhundan qidalanan gənc oxumaqda, öyrənməkdə bir fayda görür. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu, insanlarını, bütün canlılarını sevmək deməkdir. Bu sevgiyə bürünən Vüqar da mübarizə meydanına qələmlə çıxıb. Mücadilə təkcə silahla deyil. Qələmlə mücadiləyə çıxanlar öz adlarını öz qələmlərilə zamanın yaddaşına yazdılar. Əzizimiz Vüqar! Biz səninlə qürur duyuruq. Çıxdığın bu yol şərəf yolu olmaqla bərabər öz adının üstündə, ruhunda gəzdirdiyin Azərbaycan yoludu. Bu yolda sənə bol-bol nailiyyət, zəfər arzulayırıq! Günəşli Azərbaycanın döyünən ürəyi olan Qarabağımızda tezliklə görüşmək ümidilə uğurlar sənə, elimin dəyərli oğlu!
Şərafət Şəfa


































































































