“İrandakı etirazların davamlılığı bu iki faktordan asılı olacaq” – ŞƏRH  

Hazırda oxunan: “İrandakı etirazların davamlılığı bu iki faktordan asılı olacaq” – ŞƏRH  

96863

“Bu dəfəki iğtişaşlar İran tarixində İslam İnqilabından sonra həcminə görə ən böyüyü hesab oluna bilər. İğtişaşlarda diqqət çəkən məqam vətəndaşların birbaşa olaraq İranın radikal dini hakimiyyətinə qarşı yönəlməsidir. Hesab etmək olar ki, son 30 ildə İran vətəndaşlarında din pərdəsi altında hüquqların məhdudlaşdırılması və şəriət hökmü əsasında edamların çoxalması daha çox hiddət doğurub”.  

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev bildirib.  

Onun sözlərinə görə, son 40 ildə İranın beynəlxalq sanksiyalar altında əzilməsi, ümumilikdə ölkənin iqtisadi qüdrətini tam şəkildə iflic edib:  

“Bu da öz növbəsində vətəndaşların gündəlik həyatına təsir edib. Ehtimal etmək olar ki, sadə iranlı dini radikalizmın yaratdığı yalan reallıqdan bezərək, iqtisadi durumunun yaxşılaşdırılması üçün müvafiq addımların atılmasını dövlətdən tələb edir. Son hadisələrdə İranın təxminən 40-a yaxın şəhərində əhali kütləvi şəkildə öz etirazını hakimiyyətə qarşı bildirdi. Hətta son günlərdə bəzi şəhərlərdə güc nümayəndələrinin də xalqın tərəfində mövqe tutduğunu gördük”.  

Amid Əliyev qeyd edib ki, baş verən hadisələrdə xarici qüvvələrin də özünəməxsus rolu var:

“İndiyə qədər İranda xeyli sayda insan həm polis, həm də digər güc qüvvələri tərəfindən qətlə yetirilib və ya edam edilib. Amma bu dəfəki hadisələrdə əhalinin bütün təbəqələri bu etirazlarda iştirak etdi ki, bu da özlüyündə xarici təsirlərin mövcudluğunu istisna etmir.  
 

Digər şəhərlərdən fərqli olaraq mərkəzi hökümət Tehranda qismən də olsa vəziyyəti sabit saxlaya bilib. Lakin hökumət paytaxtda hər nə qədər nisbi sakitlik ab-havası yaratsa da, əslində vəziyyət bir o qədər də gərgin olaraq qalır.  


Dini rəhbərin səhhətinin müzakirə mövzusu olması və yeni namizədin kimliyi mövzusu da İranda daxili siyasi qüvvələr arasında ciddi narazılıqlar yaradıb. Lakin son iğtişaşlar İran hökümətinin sütunlarını nəzərəçarpacaq dərəcədə silkələyə bildi. Hadisələrin növbəti inkişaf mərhələsi isə İran əhalisinin aktivliyindən və xarici qüvvələrin birbaşa təsirindən asılı olacaq”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO