Almaniya və İngiltərə arasında Tofiq Bəhramov MÜBAHİSƏSİ - 1966-cı ildə verilən qərar yenidən araşdırılır 

Hazırda oxunan: Almaniya və İngiltərə arasında Tofiq Bəhramov MÜBAHİSƏSİ - 1966-cı ildə verilən qərar yenidən araşdırılır 

81961

Azərbaycan futbolunun əfsanəvi və unudulmaz siması, hakim Tofiq Bəhramovun futbol irsi hələ də yaşamaqdadır. Onun haqqında çoxsaylı maraqlı məlumatlar, faktlar mövcuddur.

Tofiq Bəhramovun səs-sədasının Hollivuda qədər gedib çıxdığını yəqin çoxunuz bilirsiniz. 2015-ci ildə istehsal olunmuş, baş rollarında Tom Hardy, Emily Browning, David Thewlis çəkildiyi ünlü “Legend” filmində Tofiq Bəhramovun 1966-cı il dünya çempionatının finalında Almaniya və İngiltərə qarşıdurması zamanı verdiyi tarixi an epizodik olaraq göstərilib.
Tofiq Bəhramovun qərarı İngiltərənin xeyrinə olmuş və bu qərarla İngiltərə 4-0 hesabla dünya çempionu olub.

Bizim.Media-a Tofiq Bəhramov haqqında danışan futbol şərhçisi Ceyhun Əliyev, Tofiq Bəhramovun Almaniyaya heç bir zaman səfər etməməsini də bu cür açıqlayıb:

“Almaniya Federativ Respublikası kapitalist ölkəsi olub, o dövrdə Tofiq Bəhramov da SSRİ-ni, sosialist ölkəsini təmsil etdiyi üçün onun AFR-ə özbaşına səfər etməsi mümkün deyildi. Baxmayaraq ki, dəvət ediləcəyi halda gedə bilərdi, 52 ölkədə olsa da, Almaniyadan heç bir zaman dəvət almadı”.

Şərhçi Tofiq Bəhramovun qəbul saydığı qolun müasir VAR sistemində yoxlanılmasının qeyri-mümkünlüyünü qeyd edib.

“VAR sistemi, ümumiyyətlə, qolun qeydə alınıb-alınmaması ilə məşğul deyil. VAR sistemi ofsayt və penaltı mövzusunda işləyir. Tofiq Bəhramovun qeydə aldığı qolda isə başqa sistem fəaliyyət göstərir, söhbət “goal line” texnologiyasından gedir.
Burada vəziyyət çox mürəkkəbdir. Əlbəttə, hamımız istəyərik ki, Tofiq Bəhramovun qərarı düzgün, ədalətli olsun. Məsələ burasındadır ki, indiyə qədər Almaniya sübut etməyə çalışır ki, Bəhramov bu qolu özündən uydurub. İngiltərə isə bunun tam əksini isbatlayan videoçarxı hazırlayır. Qol olub-olmadığını biz heç zaman bilməyəcəyik. Həqiqətən qapı xəttindən top keçib-keçməyib bunu bilmək qeyri-mümkündür”.

Şərhçi Anatoli Banişevski ilə Tofiq Bəhramovu qarşılaşdırıb.

“Azərbaycanda son 50 ildə futbolun ən yaxşı ismi, tanınmış futbolçu Anatoli Banişevski olsa da, o belə Tofiq Bəhramov qədər məşhurlaşmayıb. Tofiq Bəhramov xatirəsinə heykəl qoyulan ilk hakimdir, “Qızıl Fit” mükafatının qalibidir. Ən sevilən, populyar stadion məhz onun adınadır”.
Nəhayət, şərhçi qeyd edib ki, Tofiq Bəhramov nəinki futbol, habelə Azərbaycan üçün yenilikçi bir şəxsiyyət idi:

“Könül istər ki, Azərbaycan futbolunda yeni Tofiqlər, yeni Anatolilər çıxsın, amma görünür ki, hələ uzun zamana ehtiyac var”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO