Bakını bombalamağa gələn təyyarə Qusarın Qazmalar kəndində vuruldu – SENSASİON AÇIQLAMA

Hazırda oxunan: Bakını bombalamağa gələn təyyarə Qusarın Qazmalar kəndində vuruldu – SENSASİON AÇIQLAMA

56083

1942-ci ilin sentyabr ayının 29-da Bakını vurmaq istəyən alman təyyarəsi Qusarın Köhnə Xudat Qazmalar kəndi ərazisində məhv edilib.

Bu sensasion açıqlamanı Qusar rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Xatirə Nağıbəyova Bizim.Media-ya verib.

Onun sözlərinə görə, müharibənin ən qızğın dövründə -1942-ci il sentyabr ayının 29-da 8,5 min metr hündürlükdə uçan alman təyyarəsi aviasiya polkunun təyyarəçiləri Maxaridze və Kornev tərəfindən Qusarın Köhnə Xudat Qazmalar kəndinin ərazisində  darmadağın edilib.

Həmin təyyarənin qalıqları indi Qusar tarix-diyarşünaslıq muzeyində ən qiymətli və tarixi eksponat kimi qorunur.

Xatirə Nağıbəyova məlumat verdi ki, təyyarənin qalıqları muzey yarananda - 1982-ci ildə Qusardakı hərbi hissənin hərbçiləri tərəfindən muzeyə təqdim edilib. Direktorun məlumatına görə, "təyyarə qalıqlarını bizdən çoxları istəyib, verməmişik. Hətta Bakıdan Hərb Muzeyindən gələnlər də bu qalıqları bizdən istədilər. Etiraz etdik, çünki müharibənin qanlı-qadalı illərində vurulan təyyarə Qusar ərazisində məhv edilib və bu rayonumuzun hərb tarixində mühüm yer tutan önəmli hadisədir".

Qaldı ki, II Dünya Müharibəsində alman təyyarəsinin Azərbaycanın Qusar rayonu ərazisinə gəlib çıxmasına, tarixdən bütün dünyanı fəth etmək istəyən Hitler ordusunun Şimali Qafqaza - Qroznıyadək gəlməsi hər birimizə məlumdur.

Bildiyimiz kimi, nasist Almaniyasının ən böyük planlarından biri də Bakını tutmaq idi. 
 

Vurulan təyyarə ilə bağlı isə iki versiya var: Birinci versiyaya görə, almanlar o zaman Azərbaycan üzərindən kəşfiyyat məqsədilə uçuşlar edirlərmiş. Versiyaların birində isə onların Bakını vuracaqları deyilir. 


Hər halda, almanların İkinci Dünya Müharibəsində Azərbaycana gəlmələri bu təyyarə qalıqları ilə bir daha özünü təsdiq etmiş olur. 

Aytəkin Alxaslı, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO