10 Noyabr Zəfəri bəşəriyyətin separatizm üzərində qələbəsidir

Hazırda oxunan: 10 Noyabr Zəfəri bəşəriyyətin separatizm üzərində qələbəsidir

3086

Bu gün Azərbaycan, tarixi əhəmiyyət kəsb edən möhtəşəm zəfər salnaməsinin yazıldığı misilsiz günlərini yaşayır.

Heç şübhəsiz ki, sıravi vətəndaş kimi hər birimiz üçün bu, ilk növbədə itirilmiş torpaqların qaytarılmasına dair arzuların həyata keçdiyi gün olduğu halda, “qırx dörd günün müharibəsi” və “10 noyabr qələbəsi” bir daha ədalətin hər zaman yerini tapması aksiomunun bariz nümunəsi olaraq bundan sonrakı dövrlər ərzində ümumbəşəri əhəmiyyətinin elmin fərqli aspektlərindən araşdırılmasının mütləqliyi ilə şərtləndirilən mühüm hadisədir və belə olaraq da tarixdə həkk olunacaq.

İstinad edilən tarixi hadisə yalnız türk və islam dünyası üçün deyil, ümumbəşəri maraqlar naminə separatçılığa, nasizmə, terrora qarşı və regionda sülhün bərqərar olması naminə atılmış qətiyyətli addımdır ki, bu əsərin kökündə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs durduğu təqdirdə onun həyata keçirilməsi xalqın bir nəfər kimi ətrafında sıx birləşdiyi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur.

Xalq, ordu və dövlət vəhdətinin qürurlu günlərini yaşamaq həqiqətən də böyük bir şərəfdir.

Etiraf etmək lazımdır ki, bu mübarizədə Azərbaycanın haqlı mövqeyinə qarşı dərin köklərə və imkanlara malik düşmən lobbisi və onların maraqlarına xidmət edən güclərə, habelə regionun qeyri-sabitliyində maraqlı olan güclərə qarşı qeyri-bərabər bir mübarizəyə qatılmaqla yanaşı bu mübarizədən açıq alınla qalib çıxmağa müvəffəq olmuşdur və sözsüz ki, bu qalibiyyət yalnız cəbhə ilə məhdudlaşmır.

Tam əminliklə demək olar ki, dünyada ikili standartlar hökm sürdüyü dövrdə Azərbaycan beynəlxalq hüquq sistemində olan boşluqları çəkinmədən üzə çıxararaq, münasibətlərin və mövqelərin “cılız” geosiyasi maraqlar deyil hüquq və qanunun aliliyi, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına hörmət, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi prinsipləri əsasında və ümumbəşəri dəyərlər naminə qurulmalı olmasını aydın şəkildə nümayiş etdirə bildi.

İstər daxili istərsə də, xarici siyasətində daim açıq və ədalətli mövqedən çıxış edən Azərbaycan illər ərzində dəyişilməz olaraq haqq və ədalətin üstünlüyü siyasəti zamanının gəlməsini aydın və birmənalı şəkildə dünya ictimaiyyətinə davamlı olaraq çatdırmağa müvəffəq oldu.

Bu arada əməkdaşlığım növbəti zirvəsini fəth edən Azərbaycan – Türkiyə birliyi timsalında və Ulu öndərin “bir millət, iki dövlət” ideyası üzərində qurulan və dərin tarixi köklərə malik olan ortaq dəyərlərimizə ısaslanan sıx əlaqələr, beynəlxalq münasibətlər və geosiyasi məkana yeni bir anlayışlar olan “Qardaşlıq” və “Səmimmiyyət” terminlərini gətirməklə fəxarət hissi doğurmaya bilməz. Bu isə bizi mübarizəmizdə heç şübhəsiz ki, daha da güclü edir.

Mübarizədə Azərbaycanın qətiyyətli  mövqeyindən danışdıqda carı ilin sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları keçirildiyi zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda tarixi çıxışı zamanı işğal faktına xüsusi yer ayırmaqla bu məsələni bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Beləliklə ölkə rəhbəri son 26 il ərzində işğal faktını daim beynəlxalq ictimaiyyətin gündəmində saxlamağa müvəffəq olmaqla, düşmənin maraqlarına xidmət edəcək “zaman və status-kvo” yanaşmasının uğursuzluğa düçar olmasına və düşünülmüş siyasətin məntiqi sonu olaraq torpaqların işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin etmişdir.

Bu gün Azərbaycan faktiki olaraq regionda sülhün carçısı, onun təminatçısı kimi çıxış etdiyini aydın şəkildə nümayiş etdirdi.

Dərk etmək lazımdır ki, Azərbaycan bu mübarizədə qeyri-bərabər güclərə qarşı hərəkət etməklə eyni zamanda hərbi həllin yalnız bütün alternativ imkanlar tükəndiyi halda BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Təşkilatın hər bir üzv dövləti kimi özünümüdafiə hüququna  istinadən mümkünlüyünü lakin həç də, alternativsiz həll olmadığını nümayiş etdirərək hərbi əməliyyatları öz iradəsi ilə dayandırmaqla siyasi həll prosedurlarına keçidi bəyan etməklə bütün dünya üçün bir daha nümunəvi bir addım atmış oldu.

Düşməndən fərqli olaraq biz çox gözəl dərk edirik ki, bu iki xalq bir yerdə yaşamağa məhkumdur. Azərbaycan mentaliteti haqda məlumatı olan hər bir şəxs bizim nə dərəcədə sülhsevər olmağımızı əlavə sübut etmə ehtiyacı olmadan şübhəsiz tarixi köklərə malik bir həqiqət kimi qəbul edir.

Azərbaycan multikuturalizm və multikonfessionallığın təmin olunduğu tolerant bir mühitnin əsrlər boyu formalaşdığı dövlətdir. Etiraf etmək lazımdır ki, məhz bu faktorun mövcudluğu düşmənin apardığı ideoloji qarayaxma kampaniyasnda onu tərksilah edən güclü amillərdən olmuşdur.

Multikuturalizm və multikonfessionallıq bu gün cəmiyyətimizin qürur duyulası ən böyük nailiyyətlərindəndir ki, bu nailiyyət heç də özünü demokratiya carçısı insan hüquq və azadlığlarının təminatçısı kimi qələmə verən bir çox dövlət üçün əlçatmaz olaraq qalır.

Baxmayaraq ki, bu qələbə haqqımızdır, biz möhtəşəm zəfərimizdə “qızıl həddi” gözləyərək, müharibə itkilərini mümkün olan minimuma endirməklə və qələbə “eyforiyasına” qapanmayaraq bir daha insani dəyərlərin əhəmiyyətini hər bir şeydən üstün olduğunu bütün dünyaya nümayiş etdirdik.

Baxmayaraq ki, illər boyu davam edən azərbaycanlıların bütün izlərini silmək kimi aşkar düşmənçilik və terror mövqeyi ilə üzləşdiyimizi dərk edirik və eyni zamanda bugünkü Ermənistan ərazisində habelə Ermənistan işğalından azad edilmiş ərazilərimizdə Azərbaycan xalqına məxsus mədəni mirasın dağıdılması və talan edilməsi, Azərbaycanın tarixi və dini abidələrinin dağıdılması və məqsədyönlü şəkildə özünküləşdirilməsi, qanunsuz olaraq təbii ehtiyatları istismar edilməsi və süni ekoloji böhran yaratma məqsədilə su ehtiyatlarının istifadə edilməsi faktlarını və ən nəhayət dinc əhaliyə qarşı törədilmiş terror əməllərini unutmuruq, eyni zamanda yalnız qisas hissi ilə yaşamadığımızı, günahsız insanların belə qisasını yalnız legitim hərbi əməliyyatlar çərçivəsində döyüş meydanında aldığımızı bununla da bütün dünyanın rəğbətini qazanmış oluruq.

İllər boyu Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən, onların beynəlxalq bazarlara ixrac edilməsini, bu və digər qanunsuz fəaliyyətlərdən istifadə etməklə çirkli pulların yuyulması sxeminin, habelə Dağlıq Qarabağın narkotrafik üçün tranzit ərazi kimi istifadənin Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən geniş tətbiq edilməsini dünya ictimaiyyətinə sistemli şəkildə müvafiq sübütlarla çatdırmasına baxmayaraq, əvəzində yenə də bir biganəliyin şahidi olurduq.

Bu günlərdə Azərbaycana qarşı hərbi əməliyyatlarda terror qruplaşmalarından olan “muzdluların cəlb edilməsi” qarayaxma kamapaniyasının şahidi olduq.

Sözsüz ki, ən yüksək səviyyələrdə heç bir sübutlara istinad edilmədən səslənən bu iftiralar yalnız təəssüf hissi doğura bilir. Eyni zamanda bütün dünyadan işğalçı hərbi birləşmələrə muzdlular axınına dair danılmaz faktlara isə beynəlxalq ictimaiyyət tərəfindən nədənsə heç bir əhəmiyyət verilmədi.

Halbuki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İraq Respublikasının müxtəlif ərazilərində yaşayan PKK-PYD-YPG terror təşkilatlarına aid şəxslərin, eləcə də Livan Respublikasının vətəndaşlarının və  Gürcüstanın Abxaziya ərazisindən bir qrup şəxslərin Azərbaycan Respublikasına qarşı törətdikləri cinayət əməllərinə dair material əsasında aparılmış araşdırmalar haqda geniş məlumat verilmişdir.

Belə ki, həmin şəxslərin 2016-cı-2020-ci illərdə Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik halında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olmuş digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilmiş və istinad edilən faktlarla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işləri başlanılmışdır.

PKK-PYD-YPG terror təşkilatlarına aid şəxslərin digər muzdlularla yanaşı işğalçı tərəfindən hərbi əməliyyatlara cəlb edilməsinə dair saysız sübutların mövcudluğuna baxmayaraq beynəlxalq ictimaiyyət və aidiyyəti qurumlar yenə də susmağı üstün tutdular.

Beləliklə, münaqişənin həll edilməsi ilə, Azərbaycan nəinki suverenliyi və ərazi bütövlüyünə qarşı aqressiyaya adekvat cavab vermiş oldu, həmçinin nəzarətsiz ərazilərdən cinayət o cümlədən beynəlxalq terror təşkilatları məqsədi ilə istifadə edilməsi kimi, regional təhlükəsziliyə birmənalı təhdid olan problemin kökündən həll edilməsini və bununla da beynəlxalq terrorçuluqla mübarizədə növbəti dəfə öz töhfəsini təmin etmiş olur.

Sözsüz ki, bu qələbə həmçinin Azərbaycan diplomatiyasının böyük uğurudur. İllər ərzində Azərbaycan mötəbər beynəlxalq qurumlarda təmsil olunmaqla düşünülmüş etnik təmizləmə siyasətinin nəticəsi olaraq bir milyondan artıq qaçqın və məcburi köçkün haqq səsini dünya ictimaiyyətinə çatdırmağa nail olmuşdur.

Bu gün ölkəmiz hələ Soyuq Müharibə dövründə bir sıra dövlətlərin iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis olunmuş və hazırda zaman axarı ilə və yuxarıda qeyd edilən beynəlxalq hüquq institutlarının ikili standartlara əsaslanan fəaliyyət səmərəsizliyi mühitində fəaliyyətinə böyük gözləntilərlə bağlı olan  Qoşulmama Hərəkatına sədrik edir.

Məhz bu istiqamətdə aktiv fəaliyyətin nəticəsi olaraq həssas dövrdə böyük bir diplomatik qələbəyə imza atmağa müvəffəq olmuşuq.

Belə ki, 25 illik fasilədən sonra BMT Təhlükəsizlik Şurasında (TŞ) Ermənistan-Azərbaycan münaqişəsinə dair 29 sentyabr və 19 oktyabrda müzakirələr keçirildiyi (1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, BMT TŞ-da Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar sonuncu müzakirələr 1995-ci ildə keçirilib) halda 19 oktyabrda BMT TŞ-da Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş müzakirələrdən sonra hazırlanmış TŞ-nın sədri adından bəyanat layihəsində məlum qətnamələrinə istinadın öz əksini tapmaması səbəbindən BMT TŞ-nın qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası BMT TŞ qətnamələrinə istinadın bəyanata daxil edilməsinə israr etmişlər ki, bununla həmin dövlətlər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nın qətnamələrinə, Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının sənəd və prinsiplərinə sadiqliyini növbəti dəfə nümayiş etdirməklə Qoşulmama Hərəkatı üzv dövlətlərinin israrlı və prinsipial mövqeyindən sonra Azərbaycan maraqlarına aşkar şəkildə zidd olan bəyanat layihəsi rəsmən geri götürülmüşdür.

Heç şübhəsiz ki, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan bu təşəbbüsün reallaşması bu müstəvidə Azərbaycan diplomatiyasının birmənalı qələbəsidir və bu kimi qələbələr bizi Böyük qələbəmizə daha da yaxın etmişdir.

Tarix boyunca Azərbaycanın inkişaf mərhələləri üzrə mövqeyi, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərə bilmişdir.

Azərbaycanın qədim tarixi ərazilərində məskən sala bilmiş erməni dövlətçiliyi bütün varlığı ilə bizi özlərinə düşmən elan etməklə etnik təmizləmə ideologiyası və uydurma tarix üzərində neçə-neçə nəslin formalaşmasına nail olmuş və bununla da özünü mədəni və mənəvi deqradasiyaya məhkum etmişdir.

Azərbaycan irqinə, dininə, milliyyətinə, dilinə, əqidəsinə görə ayrı-seçkiliyə yol verilmədən hər bir vətəndaşının mənafenin qorunması yolunda qətiyyətli mövqeyi dəfələrlə bəyan etmiş və bu müstəvidə erməni milliyyətinə aid vətəndaşlarının digər millətlər habelə milli azlıqlarla müqaisədə hər hansı məhdudiyyət olmadan hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə konstitusiya ilə təsbit edilmiş təminat verir.

Ölkədə insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycanda insan ləyaqəti qorunur və ona hörmət edilir.

Münaqişənin bütün tarixi mərhələlərində erməni milliyyətinə aid şəxslər sərbəst şəkildə hər hansı məhdudiyyət olmadan ölkə ərazisində yaşamağa davam etmişlər.

Bu faktların beynəlxalq ictimaiyyətə məluma olması monoetnik dövlət olan Ermənistan Respublikasının ermənilərə qarşı guya ki etnik zəmində təmizləmənin aparılmasının, bəyan edilən “genosid tarixinin” növbəti bir uydurma olmasını, bununla da ermənin nasist ideologiyasının mahiyyətini və hiyləsini açıqlamaqla ideoloqların uzun illərin  “zəhmətini” alt-üst etmişdir.

Prezident İlham Əliyev hərbi əməliyyatlardan sonra Füzuli rayonunda səfərdə olarkən istinad edilən məslə ilə bağlı bir daha qətiyyətli mövqeyini ortaya qoyaraq  çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövlətinin mövcudluğunu qeyd edərək burada yaşayan digər xalqlar kimi ermənilərin də burada sərbəst yaşama imkanının növbəti dəfə təsdqiləmişdir.

İşğaldan azad olunmuş ərazilərin viran edilməsi, orada bir dənə olsun belə dağıdılmamış mülki obyektin, yaşayış binasının saxlanılmaması heç də təsadüf və ya hərbi əməliyyatların nəticəsi deyil, bu düşünülmüş şəkildə etnik təmizləməyə və azərbaycanlıların həmin ərazilərdə yaşayışının mümkünsüz edilməsinə yönəldilmiş və erməni ideologiyasının mahiyyətini tamlıqla əks etdirən göstəricidir.

Ümid etmək istərdik ki, bu məqamlara beynəlxalq təşkilatlar tərəfindən adekvat rəy bildiriləcək.

Atəşkəsin elan edilməsinə və bəyannamə əsasında düşmənin üzərinə ciddi öhdəliklər götürməsinə baxmayaraq, yenilməz ordumuz və qətiyyətimiz qarşısında canlarını qurtararaq qaçmaqda çarə tapan düşmən, son anlarında belə vandal əməllərindən əl çəkməyərək daha böyük dağıntılar törətməyə yönəlmiş addımlar atır, yanğınlar törədərək azad olunmuş ərazilərin yaşayış üçün yararsız vəziyyətə gətirilməsi üçün əlindən gələni edir ki, buna da hüquqi qiymət verilməlidir.

Sözsüz ki, bu gün hərbi əməliyyatlara son qoyulmaqla tam olaraq siyasi həll mərhələsinə keçid üçün əlverişli şəraitin yaranması danılmazdır.

Eyni zamanda o da danılmazdır ki, Azərbaycan hüquqi müstəvidə sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərə qarşı mübarizəsini davam etdirməkdədir. Hazırda da, Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan hüququ mühafizə orqanları tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir və bununla bağlı ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

Bu gün biz əminliklə deyə bilərik ki, “Çıraqovlar və digərləri Ermənistana qarşı” formatında Avropa İnsan Hüquqları Məhkəməsində prosesləri davam etdirmək olar və bunun zamanıdır.

Bu günədək Ermənistan dövləti mövcud olmayan DQR-a istinad edirdisə 10 noyabr tarixli kapitulyasiya sənədi eyni zamanda düşmənin bilavasitə işğal faktını rəsmi tanıması və bundan irəli gələn hüquqi nəticələrə əsaslanaraq məsuliyyətə cəlb edilməsi üçün müvafiq hüquqi bazanı möhkəmlətmiş oldu.

Qeyd edilənlərlə yanaşı tarixi ərazilərimizin işğaldan azad edilməsi, 30 ilə yaxın davam edən münaqişənin həll edilməsi və münaqişə ocağının söndürülməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi, yüz minlərlə məcburi köçkünün doğma torpaqlarına qaytarılması heç şübəhəsiz ki, ölkə və region üçün yeni imkanlar açmış olur ki, bununla da bu gün Azərbaycanın və regionun artıq inkişaf tarixinin yeni mərhələsinə addımlamasını tam əminliklə demək olar.

Elmar Rəhimov

Bakı Apelyasiya Məhkəməsinin hakimi

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO